BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 7 fevral (AZƏRTAC). Fevralın 7-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada şənbə günü səhər tezdən qələbəlik hökm sürürdü. Günəşli və mülayim hava şəraiti Quba, Qusar, Salyan, Dəvəçi, Astara, İmişli və digər rayonların fermerləri və şəxsi təsərrüfat sahiblərinə satışa daha çox və müxtəlif çeşidli məhsul çıxarmalarına imkan yaratmışdı. Burada paytaxt sakinlərinə 71 tondan çox məhsul - ət, ağartı, kartof, soğan, sitrus meyvələri, alma, nar, heyva, toyuq əti, yumurta, kələm, balqabaq, göyərti və s. təklif edirdilər. Bir sözlə, sakinlər ilin bu fəslində daha çox ehtiyac duyduqları kənd təsərrüfatı məhsullarını ala bilərdilər. Bütün məhsullarin keyfiyyəti ciddi surətdə yoxlanılır, xüsusilə ət məhsulları baytar müayinəsindən keçirilirdi. Yarmarkanın fəaliyyətə başladığı gündən burada məhsulların sanitar-gigiyenik tələblərə uyğunluğuna nəzarət edən baytar həkimi Çingiz Hüseynov deyir:
-Hər dəfə yarmarkaya gətirilən məhsullar ciddi surətdə yoxlanılır. Biz ət və balıq məhsullarının keyfiyyətinə daha çox diqqət yetiririk. Bunun nəticəsidir ki, indiyədək ət və balıq məhsullarının keyfiyyətindən narazılıq eşitməmişik. Əksinə, alıcılar bu məhsulların keyfiyyətindən həmişə razılıq edirlər.
Badamdar qəsəbəsinin mərkəzində, 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya əsasən Ağdaş, Salyan, Sabirabad, Masallı, Quba və digər rayonlardan 19 tondan çox kənd təsərrüfatı məhsulları gətirilmişdi. Burada Giləzi Quşçuluq Fabrikindən gətirilmiş 5400 ədəd yumurta da satılırdı.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada şəhər sakinləri bazardakından xeyli ucuz olan məhsulları həvəslə alırdılar. Yarmarkada Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarının fermerləri alıcılara alma, kartof, soğan, çuğundur, qoz, bal və heyvandarlıq məhsulları təklif edirdilər. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov bildirdi ki, bu gün satışa 250,1 ton məhsul çıxarılmışdır.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkaya Gədəbəy, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermerləri 48,3 ton, “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkaya isə cəlilabadlılar 8,4 ton məhsul gətirmişdilər. Məhsullar arasında qiymətləri bazarlardakından 40-50 faiz ucuz olan kartof, soğan, yerkökü, kələm, balqabaq, ət, süd məhsulları, alma, qoz, fındıq, göyərti, istixana şəraitində yetişdirilmiş pomidor, xiyar və s. çoxluq təşkil edirdi. Burada yumurtanın biri 10 qəpiyə, almanın kiloqramı 30-80, qoz 2 manata, qoz ləpəsi 5-7 manata, şabalıd 1 manat 50-3 manat 50 qəpiyə, qoyun əti 5 manat-5 manat 50 qəpiyə, mal əti 4 manat 60 qəpiyə, quş əti 3 manat 60-3 manat 80 qəpiyə, xurma 50-80 qəpiyə satılırdı.
Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan Abdullayevin verdiyi məlumata görə, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada satışa Ağsu və Qazax rayonlarından gətirilmiş 19,8 ton məhsul-alma, kartof, çuğundur, nar, kələm, qoz və digər məhsullar çıxarılmışdır. Bu məhsullar alıcılara bazardakından 30-35 faiz ucuz qiymətlərə təklif olunur.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə Bərdə, Goranboy və Ağstafa fermerlərinin ucuz qiymətə satdıqları meyvə-tərəvəz və süd məhsulları həvəslə alınırdı. Alıcılar məhsulların həm də keyfiyyətli olduğunu bildirirdilər.
Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, İmişli, Tərtər, Tovuz, Oğuz, Astara rayonlarından 47,3 ton kənd təsərrüfatı məhsulları gətirilmişdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Quliyevin verdiyi məlumata görə, Tovuz rayonunun İbrahim Hacılı kəndindən Vüqar Süleymanov 5 ton soğan və kartof, həmin rayonun Pələngli kəndindən Abbas Eyvazov 5 tona yaxın kartof gətrmişlər.
######
