BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 9 fevral (AZƏRTAC). Fevralın 8-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
Bazar günü A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada Salyan, Dəvəçi, Qusar, Astara, Quba və digər rayonların fermerləri iki gün ərzində münasib qiymətə 70 tona yaxın müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları satmışlar. Burada soğanın, kartofun kiloqramı 40-50, kələm 50, alma 30-50, balqabaq 30, istixanada yetişdirilən təzə xiyar 80, göyərtinin bir neçə dəstəsi 10-20 qəpiyə, naringi 1 manat-1 manat 20 qəpiyə, pomidor 1 manat 30-1 manat 50 qəpiyə, diri balıq 4-5 manata təklif olunmuşdur. Alıcılar yarmarkada qoyulmuş nəzarət tərəzisi vasitəsilə aldıqları məhsulun çəkisini yoxlaya bilərdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin verdiyi məlumata görə, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada şənbə və bazar günləri 20 tonadək məhsul satılmışdır. Ucuz qiymətlərə təklif olunan kələm, kartof, soğan, ağartı, müxtəlif meyvələr həvəslə alınmışdir.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə Goranboy, Ağstafa və Bərdə fermerləri satışa münasib qiymətlərə müxtəlif çeşidli məhsullar çıxarmışdılar.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada şənbə və bazar günləri Gədəbəy, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermerləri 48,3 ton, “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkaya isə cəlilabadlılar 8,4 ton məhsul satmışlar. Məhsullar sakinlərə bazarlardakından 40-50 faiz ucuz qiymətlərə təklif olunmuşdur.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkaya Qax, Biləsuvar, Ağcabədi, Salyan, Qəbələ, Şəmkir, Quba və digər rayonların fermerləri 42,5 ton kartof, 110 ton meyvə və digər məhsullar gətirmişdilər. Şəhər sakinləri məhsulların həm təzə, həm də ucuz qiymətlərə olduğunu söyləyirdilər. Burada süd məhsulları daha çox alınırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov bildirdi ki, şənbə və bazar günlərində 250 tondan artıq meyvə-tərəvəz və digər məhsullar satılmışdır.
######
![]() |
![]() |

