BAKIDA NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ ÜMUMXALQ ŞƏNLİYİ
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ŞƏNLİKDƏ İŞTİRAK ETMİŞDİR
Azərbaycan torpağına bahar gəlmişdir. Ana təbiət oyanır, yaşıl libasını geyməyə hazırlaşır. Xalqımız baharın gəlməsini - Novruz bayramını çox qədim zamanlardan əsil milli bayram kimi qeyd edir. İlaxır çərşənbələrdən başlamış kütləvi şənlik və mərasimlər keçirilir, təbiətin canlanması ilə gələn hər təzə ilin el-obaya firavanlıq, xoşbəxtlik və əmin-amanlıq gətirməsi arzulanır.
Azərbaycan xalqı min illər boyu qoruyub saxladığı milli-mənəvi dəyərlərinin ən gözəl nümunələrindən olan bu əziz bayramı bu il də hər yerdə böyük sevinc və fərəhlə qarşılamışdır. Həmişə olduğu kimi, bu dəfə də baharın gəlişi münasibətilə ən izdihamlı bayram şənlikləri ölkəmizin paytaxtı Bakıda keçirilmişdir.
Martın 21-də qədim İçərişəhərin darvazaları qarşısında - Gənclər meydanında bayram münasibətilə böyük mərasim təşkil olunmuşdu. Meydanda Novruz tonqalı şölələnirdi. Ətrafdakı binaları, əsrlərin şahidi olan qədim qala divarlarını al-əlvan plakatlar, şüarlar bəzəyirdi.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, qızları Leyla və Arzu Novruz şənliklərində iştirak etmək üçün Gənclər meydanına gəldilər. Buraya toplaşmış minlərlə şəhər sakini dövlətimizin başçısını və ailə üzvlərini sürəkli alqışlarla qarşıladılar, onlara bahar ətirli gül-çiçək dəstələri təqdim edildi.
Bahar qız Azərbaycan Prezidentini xalqımızın qədim el bayramı münasibətilə ürəkdən təbrik etdi, ölkəmizin sosial-iqtisadi inkişafı, ərazi bütövlüyünün bərpası, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü işlərdə ona uğurlar arzuladı.
Şən, oynaq musiqi sədaları ətrafı bürümüşdü. Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları dalğa-dalğa hər tərəfə yayılır, hamıda xoş ovqat yaradırdı.
Prezident İlham Əliyev şənliyə toplaşmış paytaxt sakinləri ilə mehribancasına salamlaşdı, onları Novruz bayramı münasibətilə təbrik etdi.
Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.