Bakıda Orta Dəhlizin regional inteqrasiyadakı rolu müzakirə olunub
Bakı, 16 sentyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Türk dövlətlərinin aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransı” çərçivəsində “Orta Dəhliz regional inteqrasiya və infrastruktur yönümlü inkişaf üçün katalizator kimi” mövzusunda panel müzakirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, panel müzakirəyə ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə moderatorluq edib.
Müzakirələrdə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ramazan Erdağ, Türk Dövlətləri Təşkilatının Macarıstandakı nümayəndəliyinin rəhbəri Balazs Hendriç, İbn Haldun Universitetinin Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Yaşar Sarı, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin Regional Araşdırmalar Mərkəzinin direktoru Adilbek Yermekbaev, İqtisadi, Siyasi və Strateji Araşdırmalar Mərkəzinin (TESAM) rəhbəri İlyas Bozkurt və Şimali Kiprin Təbliği Platformasının rəhbəri Okyay Sadıkoğlu çıxış ediblər.
Paneldə Orta Dəhlizin 2040-cı ilədək Türk dünyasının strateji nəqliyyat və iqtisadi dayağına çevrilməsi perspektivləri, infrastruktur və gömrük sistemlərinin uyğunlaşdırılması, logistika proseslərinin səmərəliliyinin artırılması və regional dəyər zəncirlərinin formalaşdırılması məsələləri müzakirə olunub.
Bununla yanaşı, Orta Dəhlizin ticarət marşrutlarının şaxələndirilməsinə, nəqliyyat əlaqələrinin gücləndirilməsinə və Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin iqtisadi dayanıqlığının artırılmasına verdiyi töhfə diqqətə çatdırılıb.