BAKIDA PANKRATİON ÜZRƏ DÜNYA KUBOKU YARIŞLARI BAŞLANMIŞDIR
Bakı, 24 iyun (AZƏRTAC). Bakıda pankration üzrə 3-cü Dünya Kuboku yarışlarına start verilmişdir.
Yarışlarda Azərbaycan, Ukrayna, Rusiya, İran, Yaponiya, Uqanda, Türkmənistan, Misir, Bolqarıstan, Latviya, Gürcüstan, Qazaxıstan, Çin, Yunanıstan, Avstriya, Nepal, Hindistan, Kipr, İngiltərə, Braziliya, Bolqarıstan, İordaniya, Avstraliya və digər ölkələrdən 150-yə yaxın idmançı qalib adı uğrunda mübarizə aparır. Azərbaycan yığma komandasının tərkibinə 23 kişi və 4 qadın daxil edilmişdir.
Yarışlar iki versiya - fulkontakt (tam kontakt) və laytkontakt (yüngül kontakt) üzrə keçirilir.
Pankration eramızdan əvvəl 648-ci ildə qədim Olimpiya oyunlarının proqramına daxil edilmişdir. Ən çətin və möhtəşəm idman oyunu olan pankration yarışlarına Olimpiya oyunlarının 4-cü günü başlanırdı və pankration üzrə Oimpiya oyunlarının qalibləri milli qəhrəmanlar hesab edilirdilər. Bu idman oyununun mahiyyəti ondadır ki, iki silahsız atlet güləş, əl və təpik zərbələri, ağrıtörədici və boğucu üsulları tətbiq etməklə döyüşürlər. İdmançılar hər hansı müdafiə avadanlığından istifadə etmirlər. Yunanlar pankrationu gənclərin müharibədə əlbəyaxa döyüşə hazırlanması üçün gözəl vasitə hesab edirdilər. Görkəmli qədim yunan alimləri Pifaqor, Hippokrat və Aristotel pankration üzrə Olimpiya çempionu olmuşlar.
İyunun 24-də keçirilən fulkontaktın aqon növü üzrə görüşlərdə Azərbaycan idmançılarından Ələkbər Həbibov, Həmid Həsənov (hər ikisi - 64 kq), Məhərrəm Məmmədov (95 kq) və İlkin Nağıyev (105 kq-dan yuxarı) finala vəsiqə qazanmışlar. Təmsilçilərimizdən Orxan Fərzəliyev və Musa Mirzəzadə (hər ikisi - 85 kq) ikinci dövrədə iştirak etmək hüququ qazanmışlar.