BAKIDA QTİB-İN MÜDİRLƏR ŞURASININ 8-Cİ İLLİK İCLASI KEÇİRİLMİŞDİR
İclasa QTİB-in Müdirlər Şurasının sədri, Bankda Azərbaycan Respublikasından müdir, iqtisadi inkişaf naziri Heydər Babayev sədrlik etmişdir.
H.Babayev QTİB-in son illər əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, qarşıda duran vəzifələr barədə məlumat vermişdir. O, QTİB-in fəaliyyətinin region ölkələrinin ehtiyacları və inkişaf meyilləri əsasında gücləndirilməsinin zəruriliyini vurğulamışdır. Nazir qeyd etmişdir ki, Azərbaycanın sədrliyi dövründə bir sıra uğurlar qazanılmış, Bank maliyyə ilini ilk dəfə mənfəətlə başa vurmuş, Almaniyanın KfW Bankı QTİB-ə müşahidəçi qismində qoşulmuşdur.
Nazir Bankın təsisçisi olan bir sıra ölkələrin yaxın vaxtlarda Avropa İttifaqına üzv qəbul ediləcəklərinin gözlənildiyini və bu ölkələrlə Avropa Qonşuluq Siyasətinə qoşulmuş digər təsisçi dövlətlərin inteqrasiya prosesinin sürətlənməsində bu maliyyə qurumunun xüsusi rol oynayacağını qeyd etmişdir. Heydər Babayev əmin olduğunu bildirmişdir ki, indiki müzakirələr nəticəsində Bankın fəaliyyəti daha da təkmilləşəcək və o, üzv ölkələrin dəyişən ehtiyaclarına cavab verən mükəmməl maliyyə təsisatına çevriləcəkdir.
Sonra Qara dəniz Ticarət və İnkişaf Bankının Prezidenti cənab Hayrettin Kaplan çıxış edərək, Bankın ötənilki işlərindən və gələcək planlardan danışmışdır.
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Leonidas Xrizantopulos çıxışında Azərbaycanın sədrliyi dövründə Bankın fəaliyyətini yüksək qiymətləndirmişdir.
Tədbirdə 2005-ci ilin hesabatı və Banka üzv ölkələrin müdirlərinin məruzələri dinlənilmişdir.
Müdirlər Şurasının iclasında Bankın builki büdcəsi, MŞ-nın reqlamentinə dəyişikliklər təsdiq edilmiş və Şuraya 2006-2007-ci illər üçün sədrliyin Moldovaya verilməsi barədə qərar qəbul olunmuşdur.
İclasa H.Babayev yekun vurmuşdur.
Toplantı iştirakçıları QTİB-in Müdirlər Şurasının iclasının yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlıqlarını bildirmişlər.
QTİB-in Direktorlar Şurasının iyunun 10-da keçirilən iclasında isə Azərbaycan üçün ümumi dəyəri təxminən 11 milyon ABŞ dolları olan 4 layihə təsdiq edilmişdir. Kredit sazişləri iyunun 12-də keçiriləcək Qara dəniz Biznes Forumu çərçivəsində imzalanacaqdır. Layihələrdə Azərbaycanın banklarına kredit xətlərinin açılması nəzərdə tutulur. Həmin kredit vəsaiti ölkəmizdə kiçik və orta sahibkarlığın, ticarətin və sənayenin inkişafına yönəldiləcəkdir.