BAKIDA SƏKKİZİNCİ AZƏRBAYCAN BEYNƏLXALQ “İNTERFUD AZƏRBAYCAN” SƏRGİSİ AÇILMIŞDIR
“Avropa” mehmanxanasının sərgi mərkəzində “Ərzaq məhsulları, içkilər, qablaşdırma və istehsal texnologiyaları” mövzusunda səkkizinci Azərbaycan beynəlxalq “İnterfud Azərbaycan -2002” sərgisi açılmışdır.
Sərgini Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Ticarət və Sənaye Palatasının, Azərbaycan Çay Assosiasiyasının köməyi ilə Britaniyanın İTE Group PLC sərgi şirkəti və onun ölkəmizdəki tərəfdaşı olan İteka Caspian şirkəti təşkil etmişlər.
“İnterfud Azərbaycan” hər il Bakıda beynəlxalq sərgilər mövsumünu açır və Türkiyə, Rusiya, Belarus, Ukrayna, Almaniya, İtaliya, Polşa və digər ölkələrin yerli və beynəlxalq şirkətlərini cəlb edir. Bu il sərgidə dünyanın 10 ölkəsindən 40-dək şirkət iştirak edəcəkdir. Onlar ərzaq məhsulları, qida əlavələri və ərzaq məhsulları üçün inqrediyentlər, spirtli və spirtsiz içkilər, emal sənayesi, ərzaq məhsulları və içkilər istehsalı, qablaşdırma ləvazimatı istehsalı üçün avadanlıq, qablaşdırma texnologiyaları, barlar və restoranlar üçün avadanlıq, soyuducu və ticarət avadanlığı v s. nümayiş etdirəcəklər.
Sərgi çərçivəsində ixtisaslaşmış seminarlar və şirkətlərin təqdimat mərasimləri keçiriləcəkdir. Bu tədbirləri ABŞ-ın Bakıdakı səfirliyinin kommersiya xidməti təşkil edəcəkdir. Sərginin təşkilatçıları bu il ilk dəfə olaraq, Azərbaycanın yeyinti sənayesinə həsr edilmiş yeganə ixtisaslaşmış qəzet buraxmışlar.
Açılış mərasimindən əvvəl keçirilmiş mətbuat konfransında İteka Caspian şirkətinin nümayəndələri bildirdilər ki, ixtisaslaşdırılmış beynəlxalq sərgilər iqtisadi əməkdaşlığın inkişafında, xarici sərmayələrin cəlb edilməsində mühüm rol oynayır.
Aprelin 26-dək davam edəcək sərginin açılışında Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev, kənd təsərrüfatı naziri İrşad Əliyev, ABŞ-ın Bakıdakı səfirliyinin kommersiya müşaviri Maykl Lelli çıxış etdilər.