Bakıda “Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı” mövzusunda V Beynəlxalq konfrans keçiriləcəkdir
Bakı, 23 sentyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) birgə təşkilatçılığı ilə Bakıda “Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı” mövzusunda V Beynəlxalq konfrans keçiriləcəkdir.
RSXM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, konfransın açılış mərasimi oktyabrın 8-də AMEA -nın akt zalında keçiriləcək, daha sonra konfrans öz işini “Crescent Beach Hotel”də davam etdirəcəkdir.
Üç gün davam edəcək müzakirələr zamanı ayrı-ayrı ölkələrdən olan seysmoloq alimlər öz məruzələrini təqdim edəcəklər. Eyni zamanda, konfrans iştirakçılarının Şamaxı rayonuna səfəri nəzərdə tutulmuşdur.
Bu il Azərbaycanda seysmoloji xidmətin yaranmasının 110 ili tamam olur. 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra Nobel qardaşlarının təşəbbüsü ilə Bakıda və Şamaxıda ilk seysmik stansiyalar qurulmuş və bununla da Azərbaycan ərazisində instrumental seysmoloji müşahidələrə başlanılmışdır. RSXM 15-dən artıq xarici ölkənin seysmoloji mərkəzləri ilə əməkdaşlıq edir, dörd mühüm beynəlxalq seysmoloji təşkilatın üzvüdür.
Bakıda keçiriləcək konfransda dünyanın 20-dən artıq ölkəsindən 50-dək nümayəndənin iştirakı nəzərdə tutulmuşdur. Konfransda, həmçinin elm xadimləri, ali məktəblərin rektorları, dövlət və hökumət nümayəndələri iştirak edəcəklər.