BAKIDA SINAQ RƏQƏMSAL TELEVİZİYA FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, birliyin sədri İlham Əhədov yerüstü rəqəmsal televiziyaya keçidin böyük texniki imkanlarından, təsvir və səs siqnallarının qəbul keyfiyyətinin yüksəlməsinə müsbət təsirindən danışmışdır. Bildirilmişdir ki, rəqəmsal yayım dünyada üç standartda aparılır. Azərbaycanda Avropa ölkələrində sınaqdan çıxmış DVB-T çoxtezlikli OFDM modulyasiyalı standartdan istifadə olunacaqdır.
Jurnalistlərə məlumat verilmişdir ki, oktyabrın əvvəllərindən yeni televiziya qülləsinin 264 metr səviyyəsində 4 mərtəbəli anten-fider sistemi quraşdırılmışdır. Hələlik yayım təkcə Bakı şəhəri və Abşeron yarımadası üçün nəzərdə tutulmuşdur. Bir tezlik kanalında 4 TV proqramından istifadə etmək üçün televizorun girişlərinə xüsusi rəqəm-analoq çevirici qurğu qoşulmalıdır. Verilişi qəbul etmək üçün əlavə antenlər tələb olunmur, mövcud antenlərdən istifadə edilir.
Layihənin gələcəkdə respublikanın bütün regionlarını əhatə etməsi və analoq yayımının tədricən rəqəmsal yayımla əvəz olunaraq, 2015-ci ildə tamamilə dayandırılması planlaşdırılmışdır.