BAKIDA “THE ECONOMIST” JURNALININ TƏŞKİLATÇILIĞI İLƏ “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 4-də Bakıda Böyük Britaniyanın “The Economist” jurnalının təşkilatçılığı ilə Azərbaycan hökuməti, 69 yerli və xarici şirkətin nümayəndələrinin iştirakı ilə birinci biznes “dəyirmi masa” keçirilmişdir.
İqtisadi inkişaf naziri Heydər Babayev bildirmişdir ki, Azərbaycan sənaye, kənd təsərrüfatı, turizm və logistika sahələrində üstünlüyə malikdir və hökumət bu sektorların rəqabətədavamlılığını təmin etməkdə maraqlıdır. Nazir Azərbaycan hökumətinin Dünya Ticarət Təşkilatına üzv olmaq istiqamətindəki fəaliyyəti və Regional İnkişaf Proqramının həyata keçirilməsi ilə bağlı iştirakçıların suallarını cavablandırmışdır. H.Babayev bildirmişdir ki, Azərbaycan hökumətinin yerli ərzaq məhsulları istehsalını və kənd təsərrüfatı sahələrini inkişaf etdirmək məqsədilə planları mövcuddur və onlardan biri də azfaizli kreditlərin verilməsidir.
“The Economist”in məsul əməkdaşı xanım Delia Mes-Kon bildirmişdir ki, regionun ticarət mərkəzinə çevrilməkdə olan Azərbaycanın qlobal şirkətlərin ölkədə investisiyalarını artırmaları üçün ticarət mühitinin öyrənilməsinə ehtiyacı vardır. Azərbaycanın son inkişaf göstəriciləri çox böyükdür.
Tədbirdə biznes icması ilə hökumətin münasibətləri, mülkiyyət hüquqlarının qorunması üçün görülməsinə ehtiyac duyulan tədbirlər, inkişaf etməkdə olan qeyri-neft sektoru, Avropa İttifaqı ilə Rusiya arasında yaranan gərginliyin biznesə təsiri, korrupsiya ilə mübarizə, sahibkarlığın dəstəklənməsində maliyyə sektorunun rolu və digər mövzularla bağlı müzakirələr aparılmışdır.
“Dəyirmi masa”da Azərbaycanın maliyyə naziri Samir Şərifov, sənaye və energetika naziri Natiq Əliyev, iqtisadi inkişaf naziri Heydər Babayev və Milli Bankın İdarə heyətirnin sədri Elman Rüstəmov ölkədə aparılan islahatların perspektivləri ilə bağlı çıxış etmişlər. Nazirlərin və şirkət nümayəndələrinin iştirakı ilə hökumətin vəsait xərclərinin prioritetləri, yerli bazarın xarici rəqabət üçün açılması, 2008-2009-cu illərin maliyyə sahəsinin əsas islahatları, turizm sektorunda inkişaf perspektivləri və potensial, azad məhkəmə sisteminin gücləndirilməsi və enerji layihələri ilə bağlı müzakirələr də aparılmışdır.
Tədbirdə çıxış edən ABŞ-ın “Baker&McKenzie” şirkətinin rəhbəri Daniel Metyuz bildirmişdir ki, Azərbaycanda son illər biznes mühiti yaxşılaşsa da, bəzi təkmilləşdirmə işlərinin aparılmasına ehtiyac vardır. Buraya kreditlərin verilməsi qaydalarının təkmilləşdirilməsi, kreditləşdirmə sahəsində Mülki Məcəllədə olan boşluqların aradan qaldırılması və digər məsələlər daxildir.
Toplantıda çıxış edən “The Economist” jurnalının baş redaktoru xanım Anna Uolker qeyd etmişdir ki, tədbirin əsas məqsədi Azərbaycanın iqtisadi inkişafını araşdırmaq, görülən birgə işlərlə bağlı hökumətlə müzakirələr aparmaq və ictimaiyyətə bu barədə məlumat verməkdən ibarətdir.
######
