Bakıdakı Rus evində Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunub
Bakı, 14 may, AZƏRTAC
Bakıdakı Rus evində Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunub
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbirin qonaqları “Tavolqa” Elmin və Mədəniyyətin İnkişafı Fondu və “Sputnik-Azərbaycan” tərəfindən Bakıdakı Rus evinin dəstəyi ilə hazırlanan sərgilərlə tanış olmaq, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) təşkil etdiyi maraqlı konsertdən zövq almaq fürsəti əldə ediblər.
“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov, Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, “Tavolqa” Elmin və Mədəniyyətin İnkişafı Fondunun qəyyumlar şurasının sədri Aleksandr Larin, “Sputnik-Azərbaycan” agentliyinin baş redaktoru İqor Kartavıx tədbirə toplaşanları salamlayıblar.
Mərasim Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq elmləri doktoru Alyona İnyakina tərəfindən hazırlanan konsertlə davam edib. Konsert proqramında BMA-nın müəllimləri, tələbələri və məzunları, eləcə də respublika musiqi müsabiqələrinin laureatları iştirak ediblər.
“Sputnik-Azərbaycan”ın təqdim etdiyi “Heydər Əliyev: ölkəyə və dünyaya açıq qəlblə” adlı sərgidə xəbər agentliyinin Azərbaycan xalqının Ulu Öndərinin çoxşaxəli həyatının müxtəlif məqamlarını təcəssüm etdirən arxiv kadrları nümayiş etdirilib.
Heydər Əliyevin anadan olmasının 100 illiyinə və onun Baykal-Amur Magistralının (BAM) tikintisindəki roluna həsr olunan sərgi “Tavolqa” Elmin və Mədəniyyətin İnkişafı Fondu tərəfindən təşkil edilib. Ekspozisiyada əsas diqqət Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə BAM-ın uğurlu tikintisində müstəsna xidmətlərinə ayrılıb.