BAKIYA “2006-2007-Cİ İLLƏRİN GƏLƏCƏYİN İNVESTİSİYA ŞƏHƏRİ” MÜKAFATI TƏQDİM OLUNMUŞDUR
Əvvəlcə iqtisadi inkişaf naziri Heydər Babyev “Azərbaycan: birbaşa xarici investisiyaların iqtisadi inkişafda rolu” mövzüsunda məruzə etmişdir. O, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmiş, Ermənistanın hərbi təcavüzünün hələ də davam etməsinə baxmayaraq, Azərbaycanın öz iqtisadi inkişafını təmin etdiyini vurğulamışdır. Nazir ötən il ümumi daxili məhsulun artımına görə ölkəmizin dünyada birinci olduğunu xatırlatmış, bu nailiyyətlərin əldə edilməsində qeyri-neft bölməsinə birbaşa xarici investisiya qoyulmasının da önəmli rolunu qeyd etmişdir.
Sonra Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun “Neft bölməsinə birbaşa xarici investisiyalar qeyri-neft bölməsinə birbaşa xarici investisiyanın əsasıdır”, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Emil Məcidovun “AZPROMO-nun birbaşa xarici investisiyanın cəlb olunmasında rolu”, Avropa Evinin əlaqələndiricisi Volfqanq Şporerin “Şərqi Avropada birbaşa xarici investisiyanın cəlb olunmasının iqtisadi təsiri”, “bp-Azərbaycan” şirkətinin xarici əlaqələr üzrə meneceri xanım Kleir Bebbinqtonun “Neft investorları və ölkənin inkişafı”, Milli Məclisin deputatı, “Azəriqazbank”ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayevin “Birbaşa xarici investisiya cəlbinin rolu. Yerli biznes üçün perspektivlər”, “Qaradağ-Sement” Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Üve Köhlerin “Azərbaycanda uğurlu investor təcrübəsi”, “Bakcell”in baş direktoru Martin Quikin “Azərbaycana investisiya qoyuluşu barədə qərarın qəbul olunmasında Bakının əhəmiyyəti”, “fDi magazine” jurnalının redaktoru xanım Kortni Finqarın “İnkişaf mərkəzləri: Əsas şəhərlərin regional əhəmiyyəti” mövzusunda məruzələri dinlənilmişdir.
Natiqlər birbaşa xarici investisiya qoyuluşunda Bakının həlledici rolunu xüsusi vurğulamışlar. Bildirilmişdir ki, məhz investisiya üçün cəlbediciliyinə görə Bakı Finansial Times Grop-a daxil olan “fDi magazine” jurnalının Şərqi Avropa şəhərləri arasında elan etdiyi müsabiqədə qalib gəlmişdir. Bakı regionda ən çox xarici sərmayə cəlb edən şəhərdir. Paytaxtımız əvvəlcə Belarus, Ukrayna, Moldova, Gürcüstan və Ermənistan şəhərləri ilə rəqabətdə qalib gəlmiş, sonra isə Latviyanın Vilnüs, Çexiyanın Brno, Macarıstanın Budapeşt şəhərlərini geridə qoymuşdur.
Xanım Kortni Finqar mükafatı iqtisadi inkişaf naziri Heydər Babayevə təqdim etmişdir.