Balakən rayonunda oğurluq edən iki nəfər saxlanılıb
Bakı, 3 noyabr, AZƏRTAC
Balakən şəhəri ərazisində yerləşən evlərin birindən 1000 manat məbləğində pul və 3400 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, müraciətlə əlaqədar keçirilən əməliyyat zamanı cinayət əməlini törədən Şuşa rayon sakini Elman İbrahimov saxlanılıb.
E.İbrahimov barəsində davam etdirilən tədbirlərlə onun daha iki evdən də ümumilikdə yeddi min manat dəyərində qızıl-zinət əşyaları, beş min manat məbləğində pul və 6400 ABŞ dolları oğurladığı müəyyənləşib. E.İbrahimovun oğurladığı qızıl-zinət əşyalarının bir qismi onun qeyri-rəsmi münasibətdə yaşadığı Leyla Qardaşovanın evindən götürülərək maddi sübut kimi istintaqa təqdim olunub.
Araşdırma zamanı məlum olub ki, törədilən ikinci cinayətdə E.İbrahimov və L.Qardaşova əvvəlcədən əlbir olublar. Belə ki, xəstəxanada çalışan L.Qardaşova orada işləyən həkimin növbədə olmasını E.İbrahimova xəbər etdikdən sonra sonuncu onun yaşadığı evə qanunsuz olaraq daxil olub, pul və qızılları götürərək oradan uzaqlaşıb. Oğurladığı qızılların bir hissəsini Bakı şəhərində satan E.İbrahimov əldə etdiyi pulu qadınla öz arasında bölüb. L.Qardaşova isə E.İbrahimovun ona verdiyi pulla özünə qızıl-zinət əşyaları alıb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanıb, saxlanılan şəxslərin digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır.