Balakəndə qanunsuz tikinti işlərinin qarşısı alınıb
Balakən, 15 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonu ərazisində memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə mütəmadi olaraq monitorinqlər aparılır, müvafiq sənədləri olmadan qanunsuz tikinti işlərinin aparılmasının qarşısının alınması üçün qanunvericiliyin tələbələrinə uyğun tədbirlər həyata keçirilir.
Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, icra hakimiyyətində fəaliyyət göstərən Qanunsuz tikintilərlə mübarizə komissiyasının sədri Turan Dibirov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsi, rayon icra hakimiyyəti, yerli bələdiyyələr və polis şöbəsinin qanunsuz tikintilərlə bağlı keçirdiyi birgə tədbirlər nəticəsində Balakən şəhərində, həmçinin rayonun Tülü, Xalatala, Hənifə, Şərif kəndlərində qanunsuz tikinti işlərinin aparıldığı müəyyən olunub. Komissiya üzvləri tərəfindən vətəndaşlarla profilaktiki söhbətlər aparılmaqla, qanunsuz tikinti işlərinin qarşısı alınıb və vətəndaşlar tərəfindən obyektlərin ləğvi təmin olunub.