Balakəndə Uşaq İncəsənət Festivalında iştirak etmək üçün 165 uşaq qeydiyyatdan keçib
Balakən, 25 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət, Elm və Təhsil nazirlikləri və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi üzrə tədbirlər Balakən rayonunda da uğurla davam edir.
Şəki Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Balakən rayonunda festivalın birinci mərhələsində iştirak etmək üçün, ümumilikdə, 165 uşaq qeydiyyatdan keçib. Seçim turları Uşaq İncəsənət Məktəbində təşkil edilib. Aprelin 19-20-də fortepiano və skripka ifaçılığı nominasiyaları üzrə çıxışlar olub. Aprelin 25-də isə 16 iştirakçı xalq çalğı alətləri nominasiyası üzrə öz qabiliyyətini nümayiş etdirib. Hər bir iştirakçı sərbəst seçimlə bir klassik əsər ifa edib.
Növbəti günlərdə iştirakçılar vokal və estrada oxuma, xor, caz, rəssamlıq, heykəltəraşlıq, dəzgah tətbiqi və rəqəmsal incəsənət nominasiyaları üzrə münsiflər heyəti qarşısında çıxış edəcəklər.