Bari Alibasov: Bizi Heydər Əliyev qəbul etmişdi və bu, həyatımın ən gözəl xatirəsidir VİDEO

Bakı, 29 may, AZƏRTAC
Azərbaycan xalqına nəsə arzu etmək çətindir. Azərbaycan xalqı xoşbəxt xalqdır. Hər şeyə malikdir. Burada hər şey yaxşıdır. İnsanlar çox istedadlıdırlar. Yaşamağı da, həyatdan zövq almağı da bacarırlar.
Bu sözləri bəstəkar və musiqiçi, Rusiyanın Əməkdar artisti Bari Alibasov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101-ci ildönümü münasibətilə təntənəli gecədə AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləyib.
O deyib: “Bu gün Azərbaycan Respublikasının 101 yaşı olduğunu eşidəndə, təəccübləndim. Mənə həmişə elə gəlirdi ki, Azərbaycan Roma İmperiyasının yaşıdıdır. Mən Azərbaycan xalqı, Azərbaycan mentaliteti və mədəniyyəti ilə şəxsi yaxınlığımı həmişə hiss edirəm”.
B.Alibasov Azərbaycana çoxsaylı səfərlərini xatırlayaraq deyib: “Bizi Heydər Əliyev qəbul etmişdi və bu, həyatımın ən gözəl xatirəsidir. Sovet dövründə biz Azərbaycandan yemək gətirirdik. Azərbaycan SSRİ-də yeganə respublika idi ki, çeşidbəçeşid yeməkləri vardı. Bütün ölkə Polad Bülbüloğlunun musiqisinin sədaları altında tvist oynayırdı. Azərbaycan sayəsində həyat çox gözəl idi”.
Musiqiçi vurğulayıb ki, Azərbaycan dünyanın mədəniyyət və idman mərkəzinə çevrilib. O, fikrini bu sözlərlə tamamlayıb: “Mən hətta Azərbaycanın Avropanın, yaxud Asiyanın mərkəzinə çevrildiyini başa düşmürəm, çünki Azərbaycanda həm “Eurovision” mahnı müsabiqəsi, həm də İslam Oyunları keçirilir. Çox yaxşı haldır ki, Azərbaycan insanları coğrafi və milli əlamətlərinə görə fərqləndirmir. Qapıları hamının üzünə açıqdır. Bakı son 30 ildə tamamilə başqa - müasir və dinamik şəhərə çevrilib. Nə yaxşı ki, Azərbaycan kimi gözəl ölkə, mehriban, istedadlı və böyük Azərbaycan xalqı var.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva