BARSELONADA KEÇİRİLMİŞ BEYNƏLXALQ KONQRESDƏ AZƏRBAYCAN ALİMİ İŞTİRAK ETMİŞDİR
Təşkilatçılar sırasında BMT və YUNESKO kimi nüfuzlu qurumların olduğu konqresdə dünyanın 80 ölkəsindən 400 nümayəndə, o cümlədən müxtəlif sahələr üzrə 14 Nobel mükafatı laureatı iştirak etmişdir. Azərbaycanı Naxçıvan Dövlət Universitetinin rektoru akademik İsa Həbibbəyli təmsil etmişdir.
Konqresdə XX əsrdə Amerika Birləşmiş Ştatlarında və Avropada universitetlərin inkişafı sahəsində əldə edilmiş nəticələrə yekun vurulmuş, XXI əsrdə onların inkişaf istiqamətləri müəyyənləşdirilmişdir. Nobel mükafatı laureatlarının elm, təhsil, universitet və cəmiyyət arasında qarşılıqlı münasibətlər barədə məruzələri diqqətlə dinlənilmişdir. Məruzələr ətrafında müzakirələrdə «Müstəqillik qazanmış ölkələrin universitetlərində Avropaya inteqrasiya məsələləri» mövzusunda çıxış etmiş İ.Həbibbəyli ölkəmizdə təhsil sahəsində aparılan islahatlara, Avropaya inteqrasiya sahəsində görülən işlərə toxunmuş, rəhbərlik etdiyi universitetin bu sahədəki fəaliyyətindən söhbət açmışdır. Akademikin çıxışı maraqla qarşılanmışdır.
Sonda Nobel mükafatı laureatlarının imzaladığı Barselona bəyannaməsi qəbul edilmişdir. Bəyannamədə yeni əsrdə universitet quruculuğunun inkişafı sahəsində qloballaşma, universitetlərarası inteqrasiyanın dərinləşməsi, səriştəli idarəetmə və təhsilin keyfiyyətinin yuksəldilməsi kimi əsas prinsiplərin həyata keçirilməsinin vacibliyi vurğulanmışdır.