Baş İdarənin yeni "YouTube" layihəsi-Bakı Mədəniyyət Kanalı
Bakı, 15 aprel, AZƏRTAC
Əsas məqsədi incəsənət, tədris və əyləncəli məzmun üzərində qurulan Bakı Mədəniyyət Kanalı izləyicilərə fərqli və müasir rubrikalar, daha öncə çəkilməyən formatlarda videolar təqdim edəcək.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən AZƏRTAC-a bildirilib ki, indiki dönəmdə isə kanal #evdeqalspecials xüsusi videolayihələr hazırlayaraq təqdim etməyi nəzərdə tutur. Qeyd etmək lazımdır ki, Bakı Mədəniyyət Kanalının brendinqi “Azerbaijan Design Awards” layihəsində birinci yerin sahibi olub.
Xüsusi karantin dövründə, sosial təcrid müddətini daha əyləncəli və faydalı etmək məqsədilə Bakı Mədəniyyət Kanalı planladığı formatı dəyişərək "Evdə Qal Specials" buraxılışı çərçivəsində ilk videosu ilə qarşınızdadır. İlk buraxılışında xaricdə yaşayan, fərqli sənət sahibi olan həmyerlilərimizlə ünsiyyət yaradıb həm onların darıxmamağını, həm də sizin onları daha yaxından tanımağınızı təmin etmək qərarına gəlib.
Qonaqları isə Avstriyada yaşayan pianoçu və bəstəkar Abuzər Manafzadə, İtaliyada yaşayan animator Firəngiz Bağırova, Düsseldorfda yaşayan Arzu Məmmədova və Xorvatiyadan Osman Eyublu idi. Verilişin aparıcısı Dadaş onlarla internet üzərindən eksperimental musiqi, incəsənətin təbliği, onlayn təhsil və digər maraqlı mövzularda özünəməxsus əyləncəli tərzdə söhbət edib.
Kanalda növbəti günlərdə bir-birindən fərqli məzmunda həm əyləncəli, həm də informativ verilişlər yayımlanacaq. Bakı Mədəniyyət Kanalına abunə olun və izləyin.