Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyinə dair elmi-praktiki konfrans keçiriləcək
Bakı, 3 may, AZƏRTAC
Mayın 7-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə “Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir çağırışlar” mövzusunda elmi-praktik konfrans keçiriləcək.
Komitədən AZƏRTAC-a bildirilib ki, konfransda AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və digər şəxslər iştirak edəcəklər.
Tədbirdə ümummilli lider Heydər Əliyev tərəfindən torpaq idarəçiliyi sahəsində həyata keçirilən uğurlu islahatlar, Azərbaycanda bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyinin elmi-praktik əsaslarının tədqiq edilməsi, ölkənin kadastr uçot sisteminin modernləşdirilməsi, bu istiqamətdə təkliflərin hazırlanması barəsində məruzə və çıxışlar dinləniləcək, geniş müzakirələr aparılacaq. Bundan başqa torpaq inzibatçılığı sahəsində həyata keçirilən işlərin daha da təkmilləşdirilməsi yönündə elm adamları ilə birgə fikir mübadiləsi aparılacaq, torpaq idarəçiliyi sahəsində elmi yanaşmaların praktik fəaliyyətdə tətbiq edilməsinin optimal həlli istiqamətləri axtarılacaq.
Torpaq idarəçiliyi və kadastr sahəsində elmi-tədqiqat işləri aparan gənc alimlərin, doktorant və magistrantların ən yaxşı elmi işi üzrə açıq müsabiqə elan ediləcək. Məqsəd torpaq idarəçiliyi və kadastr sahələrində istehsalat və xidmət üzrə fəaliyyətlərin keyfiyyətinin elmi əsaslarla inkişafına dair istiqamətləri müəyyənləşdirməkdən, əldə edilən elmi nəticələrin praktik məsələlərdə istifadə edilməsindən, bu sahədə alim və tədqiqatçıların innovativ məlumat bankının yaradılmasına təkan verməkdən ibarətdir.