BDU alimləri özbəkistanlı həmkarları ilə 150-dən çox birgə elmi əsər nəşr etdiriblər
Bakı, 25 avqust, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı müəllim, tədqiqatçı və tələbə mobilliyi, doktorantura, ikili diplom proqramları və akademik mübadilə istiqamətlərini də əhatə edir.
Müəllim və tədqiqatçı mobilliyi bu əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Özbəkistanın ali təhsil müəssisələrinin 150-dən çox əməkdaşı indiyədək BDU-da olub, müxtəlif akademik və elmi tədbirlərdə, müzakirələrdə və təcrübə mübadiləsində iştirak edib. Təkcə 2025-ci ildə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin 23 əməkdaşının BDU-ya səfəri zamanı birgə tədqiqat, qrant layihələri, elmi məqalələr, konfranslar, ikili diplom və akademik mübadilə imkanları müzakirə olunub, ustad dərsləri keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Qeyd edilib ki, tələbə mobilliyi də əməkdaşlığın əsas istiqamətlərindən biridir. Özbəkistanın Əbu Əli İbn Sina adına Buxara Dövlət Tibb İnstitutu, Maliyyə Texnologiyaları və Elmləri Beynəlxalq Məktəbi və digər ali təhsil müəssisələrindən 10-dan çox tələbə müxtəlif mübadilə proqramları çərçivəsində BDU-da təhsil alıb. Hazırda Özbəkistandan olan 4 tələbə BDU-da əcnəbi tələbə qismində təhsil alır.
Tələbə və akademik mobilliyin genişləndirilməsi istiqamətində “Orhun” mübadilə proqramı da mühüm imkan yaradır. 2026–2027-ci tədris ilində proqram çərçivəsində Daşkənd Dövlət Şərqşünaslıq Universiteti və Oş Dövlət Universitetindən iki tələbənin BDU-da təhsil alması planlaşdırılır.
Əməkdaşlıq doktorantura səviyyəsini də əhatə edir. 2026-cı ilin fevralında Buxara Dövlət Tibb Universitetinin özbəkistanlı doktorantları BDU-da molekulyar biologiya, biokimya, genetik analiz və bitki biotexnologiyası istiqamətlərində elmi-praktiki təcrübə keçiblər. Bu, iki ölkənin universitetləri arasında qarşılıqlı akademik mobilliyin doktorantura və tədqiqat səviyyəsinə də keçdiyini göstərir.
Universitetlərarası əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması istiqamətində ikili diplom proqramlarının yaradılması da BDU-nun prioritetlərindəndir. Hazırda BDU ilə Özbəkistanın ali təhsil müəssisələri arasında qüvvədə olan ikili diplom proqramı yoxdur. Bununla belə, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti ilə Tarix fakültəsinin magistratura səviyyəsində ikili diplom proqramının yaradılması istiqamətində işlər aparılır. Pedaqogika, psixologiya və digər prioritet istiqamətlər üzrə də akademik proqramların hazırlanması imkanları tərəfdaş universitetlərlə müzakirə edilir.
BDU-nun Özbəkistanla əməkdaşlığı yalnız təhsil və akademik mübadilə ilə məhdudlaşmır. İki ölkənin alimləri arasında elmi əlaqələr də son illərdə əhəmiyyətli dərəcədə genişlənib.
“Scopus” beynəlxalq elmi məlumat bazasında əks olunan göstəricilərə əsasən, son 5 ildə BDU alimləri ilə Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələrinin tədqiqatçıları tərəfindən fizika, kimya, biologiya, riyaziyyat və filologiya sahələri üzrə 150-dən çox birgə elmi nəşr hazırlanıb. Birgə tədqiqatlarda Özbəkistan Elmlər Akademiyası, Qarşi Dövlət Universiteti, Daşkənd Dövlət Texniki Universiteti, Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti, Əndican Dövlət Universiteti, Termez Dövlət Universiteti və digər elmi-akademik qurumların alimləri iştirak ediblər.