BDU kitabxanalar üçün beynəlxalq konsorsiumun Baş Assambleyasında təmsil olunub
Bakı, 11 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Kitabxanalar üçün Elektron İnformasiya Beynəlxalq Konsorsiumunun (EIFL.net) Baş Assambleyasında təmsil olunub. Türkiyənin İstanbul şəhərində keçirilən tədbirdə BDU-nun Elmi Kitabxanasının Metodiki iş və əməkdaşlıq şöbəsinin müdiri Cəmilə Yusifova iştirak edib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
EIFL.net Beynəlxalq Konsorsiumu Afrika, Asiya və Avropanın 54 ölkəsində 3000 kitabxananı özündə birləşdirir. Baş Assambleya konsorsiumun ildə bir dəfə keçirilən əsas toplantısıdır. Tədbirin əsas məqsədi üzv ölkələrin konsorsiumları və aparıcı nəşriyyatlarının peşəkar mütəxəssisləri ilə bilik və bacarıqları paylaşmaq, informasiya çeşidini artırmaq, maarifləndirməni genişləndirmək, inkişaf etməkdə olan və keçid dövrü yaşayan ölkələrdə cəmiyyət üzvlərinin elmi elektron informasiyadan istifadəsini təmin etməkdir.
Baş Assambleyada 42 xarici ölkə və 15 beynəlxalq nəşriyyatın nümayəndələri iştirak ediblər.
Akademik kitabxanalarda tədqiqatlara dəstək üzrə təcrübənin öyrənilməsi, universitet kitabxanalarında konsorsiumlar vasitəsilə bilik mübadiləsi mövzularına həsr olunmuş tədbirdə 42 ölkə üzrə konsorsium rəhbəri və koordinatorların, o cümlədən BDU-nun Elmi Kitabxanasının şöbə müdiri, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun rəhbəri Cəmilə Yusifovanın təqdimatı dinlənilib.
Tədbir müddətində beynəlxalq nəşriyyat və aqreqatorların (EBSCO, “Sage”, “Cambridge University Press”, “Oxford University Press”, “Brill”, JSTOR və s.) təmsilçiləri ilə görüşlər keçirilib, abunəlik və lisenziyalaşdırma üzrə danışıqlar aparılıb.
Qeyd edək ki, BDU-nun Elmi Kitabxanasında fəaliyyət göstərən Az.KİK 2003-cü ildən EIFL.net-in üzvüdür. Elmi Kitabxana Baş Assambleyada iştirakla təkcə BDU-nu deyil, həmçinin Az.KİK-ə üzv olan akademik kitabxanaları təmsil edib.