BDU tələbələri Səfəvilərin dövlətçilik tariximizdəki rolunu araşdırıblar
Bakı, 25 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Səfəvilərin dövlətçilik tariximizdə rolu” adlı elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Seminarda 4 məruzə dinlənilib. Fakültənin TEC rəhbəri, tarix üzrə fəlsəfə doktoru Hicran Mahmudova Azərbaycanın dövlətçilik tarixi, Səfəvilər dövlətinin önəmli rolu barədə məlumat verib.
Fakültənin III kurs tələbələrindən Eynulla Eynullayev “Şah I Abbas və onun həyata keçirdiyi islahatlar”, Tural Qafarov “Səfəvilərin əzəmətinin sonuncu səhifəsi - Şah II Abbas”, Murad Böyükxanov “Səfəvilər dövründə mədəniyyət” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə Azərbaycan tarixinin ən qüdrətli dövlətlərindən olan Səfəvilərin xarici, daxili siyasəti, mədəni-ictimai mühiti, həmin dövrdə aparılan islahatlarla bağlı məlumatlar diqqətə çatdırılıb.
Sonra Tarix fakültəsinin magistri Anar Can Kıtay “Azərbaycan tarixi terminologiyasında dövlətin adlandırma məsələsi” mövzusunda məruzə edib.