Belarus Respublikasının alman-faşist işğalçılarından azad edilməsinin 70 illiyi qeyd olunur
Bakı, 4 iyun (AZƏRTAC). İyunun 3-də Belarus Respublikasının alman-faşist işğalçılarından azad edilməsinin 70 illiyi qeyd olunur.
Bu tarix Belarusda və onun hüdudlarından kənarda geniş qeyd edilir. Belarus Respublikasının Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, 2014-cü il ərzində Böyük Vətən müharibəsində Qələbənin və faşist hücumuna qarşı çiyin-çiyinə döyüşərək Böyük Qələbəyə nail olmuş xalqların qəhrəmanlığının əbədiləşdirilməsi üçün müxtəlif tədbirlər keçirilir.
Belarus Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli fərmanı ilə Belarusun azad edilməsinin 70 illiyinə həsr olunmuş yubiley medalı təsis edilmişdir. 1941-1945-ci illərin Böyük Vətən müharibəsinin döyüş əməliyyatlarında və Belarus Respublikasının azad olunmasında iştirak etmiş veteranları və iştirakçıları bu medalla mükafatlandırılacaqlar.
Belarusun Azərbaycandakı səfirliyi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birlikdə mövcud arxiv sənədləri əsasında Belarusun azad olunmasında iştirak etmiş və hazırda Azərbaycanda yaşayan veteranların və iştirakçıların siyahısını hazırlamışdır. Onların sayı 150 nəfərdir. Bu şəxslər “Belarus Respublikasının alman-faşist işğalçılardan azad edilməsinin 70 ili” yubiley medalı ilə təltif olunacaqlar.
Əldə edilən məlumata görə, Azərbaycan Respublikasının 36 rayonunda Belarusun azad olunmasında iştirak etmiş Böyük Vətən müharibəsi veteranları və iştirakçıları yaşayırlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, şəhər və rayonların icra hakimiyyətlərinin təşkilati dəstəyi ilə veteranlara təntənəli şəraitdə Belarus Respublikasının yubiley medalları təqdim olunacaqdır. İlk təqdimetmə mərasimləri 2014-cü il iyunun 4, 5 və 6-da Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfiri Nikolay Patskeviçin iştirakı ilə Bakı, Gəncə və Yevlax şəhərlərində keçiriləcəkdir.