BELTA: 2016-cı ildə Bakı informasiya agentliklərinin V Ümumdünya konqresini qəbul edəcəkdir
Minsk, 21 noyabr (AZƏRTAC). İnformasiya agentliklərinin V Ümumdünya konqresi 2016-cı ildə Bakıda keçiriləcəkdir. AZƏRTAC Belarus Teleqraf Agentliyinin - BELTA-nın xüsusi müxbirinə istinadla xəbər verir ki, bu, informasiya agentliklərinin Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda keçirilən IV Ümumdünya konqresinin yekun sessiyasında qərara alınmışdır. Xatırladaq ki, AZƏRTAC bu mühüm hadisə barədə artıq məlumat vermişdir.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov vurğulamışdır ki, forumun Bakıda keçirilməsi Azərbaycan üçün həm şərəfli, həm də əhəmiyyətli missiyadır. BELTA A.Aslanovun bu sözlərini sitat gətirmişdir: “Biz konfransın ən yüksək səviyyədə keçirilməsi, bütün qitələrdən olan informasiya agentliklərinin nümayəndələri üçün maraqlı və ən əsası səmərəli olması üçün hər cür səy göstərəcəyik”.
Belarus İnformasiya Agentliyinin məlumatında deyilir ki, dünyanın 70-dən çox informasiya agentliyinin nümayəndə heyətləri və informasiya texnologiyaları sahəsində mütəxəssislər Ər-Riyadda üçgünlük görüş çərçivəsində XXI əsrdə xəbər agentliklərinin üzləşdikləri yeni çağırışları, elektron KİV-lər və sosial şəbəkələr arasında qarşılıqlı fəaliyyət və rəqabət məsələlərini müzakirə etmişlər.
Konfransın yekunlarına əsasən, informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə informasiya agentliklərinin fəaliyyətinin təkmilləşdirilməsinə dair bir sıra tövsiyələr hazırlanmışdır.
Belarusu konqresdə BELTA təmsil etmişdir.
İnformasiya agentliklərinin ümumdünya konqresi 2004-cü ildən keçirilir. Birinci forum Moskvada keçirilmişdir. Rusiyadan sonra konqresi İspaniya və Argentina qəbul etmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk