REGİONLAR
Bərdə Regional Mədəniyyət İdarəsi kreativ sənaye məhsullarının onlayn satış üçün “Facebook” səhifəsi yaradıb
Bərdə, 24 aprel, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən sosial izolyasiya və karantin rejimi şəraitində mədəniyyətin onlayn təbliği, insanların evdə qaldıqları vaxtı səmərəli keçirmələri üçün Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən “Evdə qal, evdə yarat”, “Evdə qal, musiqidən qalma”, “Evim yeni iş yerim”, “Yaradıcılığı evdə öyrən - özünü̈ kəşf et və bacarıqlarınla tanın” layihələri geniş ictimai dəstək qazanmaqdadır. Bərdə Regional Mədəniyyət İdarəsi də Mədəniyyət Nazirliyinin həyata keçirdiyi layihələrə qoşulmaqla yanaşı, xüsusi karantin dövründə yardıcı insanların hazırladıqları əl işlərinin onlayn şəkildə satışını həyata keçirmək məqsədilə “Kreativ Sənaye Məhsullarının onlayn satışı” adlı “Facebook” səhifəsini yaradıb. “Facebook” səhifəsində yaradıcı insanlar hazırladıqları öz əl işlərinin satışını rahat şəkildə həyata keçirirlər.
Qeyd edək ki, 2019-cu il dekabrın 9-da Bakı Konqres Mərkəzində “Kreativ Azərbaycan” portalının (“creative.az”) təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda nazirlər panel müzakirəsi keçirilib. Bu mövzuya uyğun olaraq Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan şəhər və rayonlarda kreativ sənayenin inkişafı ilə bağlı bir sıra işlər görülüb. Belə ki, idarənin tabeliyində olan Bərdə və Tərtər rayonlarında yaradıcı insanların üzə çıxarılması və onların hazırladıqları əl işlərinin satışını həyata keçirilməsi məqsədilə yaradıcı insanların əl işlərindən ibarət satış yarmarkaları təşkil olunub və belə satış yarmarkaları regional idarə tərəfindən mütəmadi olaraq həyata keçirilib. Satış yarmarkalarının təşkil olunması yaradıcı insanların bu sahəyə olan maraqlarını daha da artırıb və onlar hazırladıqları əl işlərini rahat şəkildə satışını həyata keçiriblər.