Bərdə, Tərtər rayonları və Mingəçevir şəhərinin təbii qaz təchizatı yaxşılaşdırılır
Bakı, 16 iyul, AZƏRTAC
Bərdə, Tərtər rayonları və Mingəçevir şəhərinin qaz təchizatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər görülür.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, uzun illər bundan öncə çəkilən böyük diametrli qaz xətləri beton dayaqlar üzərinə qaldırılmaqla korroziyadan mühafizə edilir. “Azəriqaz”ın Təmir-tikinti İdarəsi Bərdə rayonunda 2685 abonentə xidmət göstərən diametri 530 millimetr olan 4500 metr uzunluğunda qaz xəttini artıq beton dirəklər üzərinə qaldırıb. Bundan başqa, Tərtər şəhərinin bir hissəsinin qaz təminatında əhəmiyyətli rola malik olan 1985 metr uzunluqda diametri 159 millimetrlik qaz xətti də əvvəlki görkəminə qaytarılıb. Mingəçevir şəhərinin qaz təchizatı üçün istismarda olan 3564 metr uzunluğunda diametri 530 millimetrlik qaz xətti də beton dayaqlar üzərinə qaldırılır. Təmir aparılan yerlərdə kəmərlər kol-kos ərazidən çıxarılır, pasdan təmizlənir, pas əleyhinə və parlaq boya ilə işlənilir. Ümumilikdə Tərtər Regional qaz istismarı İdarəsinin xidmət göstərdiyi şəhər və rayonlar üzrə bu il ərzində 23 kilometr uzunluğunda müxtəlif diametrdə qaz kəmərləri beton dirəklər üzərinə qaldırılacaq. Bu da onların istismar müddətinin daha 10-15 il artması deməkdir.
Birlik bir daha diqqətə çatdırır ki, əkin sahələrinin genişləndirilməsi, eləcə də meşə zolaqlarının salınması zamanı qaz kəmərlərinin mühafizə zonasına daxil olmaq qadağandır. Bu təhlükəli olmaqla yanaşı, qaz xətlərinə mütəmadi xidmət göstərilməsinə də mane olur.