Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən alkoqolsuz içki sexi aşkarlanıb
Bakı, 9 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.
Daxil olan məlumat əsasında agentliyin əməkdaşları Bərdə rayonunda Qarabağ küçəsi, 22 ünvanında fəaliyyət göstərən fiziki şəxs Sadiqi Namik Məmməd oğluna məxsus olan “Gogi” əmtəə nişanlı alkoqolsuz içki istehsalı sexində reyd keçiriblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, reyd zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.
Bundan əlavə, sexdə istifadə edilən xammalların mənşəyi və keyfiyyəti barədə təsdiqedici sənədlərin olmadığı, alkoqolsuz içkilərin saxlama müddəti 30 gün olduğu halda məhsulun üzərində 180 gün qeyd olunduğu, texnoloji ardıcıllıq prinsiplərinə əməl edilmədiyi və bütün prosesin eyni sahədə həyata keçirildiyi müəyyən edilib.
Qanunvericiliyin tələbləri çərçivəsində sexin fəaliyyəti məhdudlaşdırılıb.