REGİONLAR
Bərdədə şəhidlərin xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə turnir keçirilib
Bərdə, 4 sentyabr, AZƏRTAC
Bərdə şəhər 5 nömrəli tam orta məktəbdə 2020-ci ilin iyulunda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən şəhid olan hərbi qulluqçuların xatirəsinə həsr edilmiş güllə atıcılığı üzrə turnir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gənclər və idman idarəsinin Yeni Azərbaycan Partiyası rayon təşkilatı ilə birgə keçirdiyi turnirdə 14 yaşdan yuxarı oğlanlar və qızlar iştirak ediblər.
Pandemiya dövrünün tələblərinə əməl etməklə, açıq havada təşkil olunan yarışın açılışında Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli və YAP rayon təşkilatının məsul nümayəndəsi Elmir Məmmədov çıxış edərək, Ermənistan silahlı bölmələrinin törətdiyi təxribatların qarşısının Azərbaycan Ordusu tərəfindən layiqincə alındığını bildiriblər.
Diqqətə çatdırılıb ki, turnirin keçirilməsində əsas məqsəd şəhidlərin xatirəsini bir daha yad etmək, yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirməkdir.
Yarışın qalibləri Bərdə Rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları və xatirə hədiyyələri ilə təltif olunacaqlar.