Bərpa olunan enerji istehsalına təqribən 280 milyard dollar investisiya yatırılıb
Bakı, 6 aprel, AZƏRTAC
Bərpa olunan enerji mənbələrinin inkişafı üzrə layihələrə yatırılan investisiyalar ötən il rekord göstəriciyə çataraq, təqribən 280 milyard dollar təşkil edib. Sərmayədarlar üçün ən cəlbedici sahə günəş enerjisi istehsalı üzrə texnologiyalar olub. Onun inkişafında Çin liderlik edir.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, “Bloomberg New Energy Finance” təşkilatının köməyi ilə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən hazırlanmış “Bərpa olunan energetikaya yatırılan investisiyaların qlobal meyilləri“ adlı məruzədə belə deyilir. Məruzə müəllifləri qeyd ediblər ki, dalbadal səkkizinci ildir ki, bərpa olunan enerji mənbələrinə 200 milyard dollardan çox investisiya yatırılır.
UNEP-in başçısı Erik Solheym deyib: “Bütün dünyada günəş enerjisinə yatırılan investisiyaların həcminin görünməmiş miqyasda artması qlobal enerji sisteminin necə dəyişdiyini, daha əhəmiyyətlisi isə həmin dəyişikliklərin hansı iqtisadi faydalar vəd etdiyini nümayiş etdirir”. O əlavə edib ki, bərpa olunan enerji mənbələrinə yatırılan investisiyalar daha yüksək ixtisas tələb edən iş yerlərinin yaradılmasına kömək edir. Eyni zamanda, təmiz enerji mənbələrinin inkişafının ətraf mühitin mühafizəsinə vacib töhfə verməsi bir yana qalsın, bu sahədəki işin məvacibi daha yüksəkdir.
Günəş energetikasının inkişafına yatırılan qlobal investisiyalar ötən illə müqayisədə 18 faiz artaraq, 160,8 milyard dollar təşkil edib.
Su elektrik stansiyaları istisna olmaqla, bərpa olunan enerji istehsalına investisiyaların ümumi həcmi 279,8 milyard dollar təşkil edib. Həmin məbləğin 57 faizi günəş energetikasının payına düşüb. Bu da qaz və kömürlə işləyən istehsal obyektlərinə yatırılan investisiyaların həcmindən təqribən 103 milyard dollar çoxdur.
Bərpa olunan energetikaya yatırılan investisiyalar üzrə lider Çindir. Günəş enerjisi istehsalı üzrə bütün yeni qurğuların yarıdan çoxu bu ölkənin payına düşür. Avstraliya, Meksika və İsveç də günəş batareyalarından fəal istifadə edən ölkələr sırasındadırlar.
Amma bu uğurlar heç də bütün ölkələri əhatə etməyib. Əksinə, bəzi böyük bazarlarda bərpa olunun enerji mənbələrinin inkişafında investisiyaların azalması baş verib. ABŞ-da investisiyalar altı faiz azalaraq, 40,5 milyard dollar təşkil edib. Avropada belə investisiyaların həcmi 36 faiz düşərək, 40,9 milyard dollara bərabər olub.
2007-2017-ci illər dövründə dünyada bərpa olunan enerji mənbələrinin inkişafı üzrə layihələrə bütövlükdə 2,7 trilyon dollar investisiya yönəldilib. Nəticədə külək enerjisindən, günəş batareyalarından, tullantılardan, geotermal mənbələrdən, dəniz dalğalarından və kiçik hidroqurğulardan istifadə etməklə istehsal olunan elektrik enerjisinin payı xeyli artıb (5,2 faizdən 12,1 faizədək).