Bərpaolunan enerji ilə nələr etmək mümkündür?
Bakı, 17 aprel, AZƏRTAC
Bol, tükənməz bərpaolunan enerji ilə nələr edə bilərik? Bu enerji ilə dəniz suyu duzsuzlaşdırıla və Yer kürəsindəki su çatışmazlığı aradan qaldırıla bilər. Eyni zamanda, tullantılar böyük miqyasda təkrar emal oluna bilər ki, bu da nadir torpaq metalları kimi qiymətli elementlərin əldə edilməsinə imkan yaradar. Həmçinin insanlar Yer kürəsinin qütb bölgələrində rahat yaşaya və ya akkumulyatorla işləyən nəqliyyat vasitələri ilə daha uzaqlara səyahət edə bilərlər. Bunun nəticəsində elektrik enerjisi tələb edən mal və xidmətlərin ucuzlaşması, hətta pulsuz olması mümkündür. Bunları düşünmək çox gözəl olsa da, bu, dünya üçün çox baha başa gələ bilən prosesdir. Habelə onu reallığa çevirmək çoxlu siyasi, iqtisadi və texnoloji amillərdən asılı olacaq. Yaşıl enerjinin qarşısında ən böyük maneə pul və ya texnologiya deyil, hökumət siyasətidir.

İqtisadçı-ekspert Eldəniz Əmirov AZƏRTAC-a açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.
Azərbaycanın 200 qeqavat həcmində qiymətləndirilən bərpaolunan enerji potansialının reallaşdırılmasının ölkəmizə müxtəlif istiqamətlərdə ciddi faydalar verdiyini vurğulayan Eldəniz Əmirov bu istiqamətləri dörd əsas maddədə ayıra biləcəyimizi qeyd edib: “Birinci məsələ müasir trendlərə uyğun olaraq ənənəvi enerji resurslarını alternativ enerji resursları ilə əvəzləməkdir. İkincisi tükənən karbogen ehtiyatlarının tükənməyən bərpaolunan enerji ehtiyatları ilə əvəzlənməsidir ki, bu, ölkənin maliyyə dayanıqlılığının qarşıdakı illərdə təmin olunmasına imkan verəcək. Üçüncü məsələ ətraf mühit və ekologiya amilidir ki, məhz təmiz ətraf mühit, təmiz ekologiya ölkənin əsas milli prioritetlərindən biridir və bərpaolunan enerji siyasəti bu prioritetin həyata keçirilməsinə imkan verir. Dördüncü məsələ isə təbii ki, ölkəyə valyutanın daxil olmasıdır. Hazırda ölkəmizin ixracında daha çox çəkiyə malik ənənəvi enerji resurslarının alternativ enerji resursları ilə əvəzlənməsi mühüm məsələdir. Bu, 5 illik, 10 illik və ya daha uzun konkret müddətə deyil, davamlı olaraq ölkəyə valyuta gəlməsinə imkan verər. Bunun üçün ölkəmiz 1994-cü ildə yaradılmış neft strategiyasını, daha sonra qaz strategiyasını, hazırda isə bərpaolunan enerji strategiyasını həyata keçirməyə nail olub və bununla bağlı müxtəlif razılaşmalar əldə edilib. Son illər Azərbaycan bərpaolunan enerjiyə keçid istiqamətində mühüm addımlar atıb. Buraya ölkəmizdə inşa edilməkdə olan külək və günəş elektrik stansiyalarını, həmçinin yaşıl enerjinin Avropaya ixracı ilə əlaqədar imzalanmış Sazişi aid etmək olar”.
Yaşıl enerjinin uğuru insanların, ilk növbədə, texnologiyanı mənimsəmək istəyindən asılıdır. Bərpaolunan alternativlər bizim bu qədər arxayınlaşdığımız neft, kömür və qazdan daha çox rahatlıq, sürət, qənaət və təhlükəsizlik vəd edir. Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatına görə, yaxın 10 ildə bəzi regionlarda elektrik enerjisinə tələbat 40-60 faiz artacaq. Tədqiqatçılar proqnozlaşdırırlar ki, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə yüksələn rifah ən azı 2040-cı ilə qədər əsas resurslara yüksək istehlak tələbatını artırmağa davam edəcək.

Yaşıl enerji tələbi məsələsi əlbəttə ki, ev təsərrüfatları ilə məhdudlaşmayacaq, lakin biznes və korporasiyalara, xüsusən də texnoloji şirkətlərə - elektrik enerjisinin ən böyük istehlakçılarından bəzilərinə şamil olunacaq. Amazon, quql, feysbuk və Microsoft” kimi aparıcı texnologiya nəhənglərinin məlumat mərkəzləri öz serverlərini sərin saxlamaq üçün artıq ildə onlarla teravat/saat (saatda bir milyard kilovata bərabər elektrik enerjisi vahidi) enerji tələb edir. Süni intellektin və avtomatlaşdırmanın yüksəlişi daha çox hesablama gücü tələb etdiyi üçün bu rəqəm daha da artacaq. Özəl sərmayələr yeni texnologiyaları daha da sürətləndirə və böyük şirkətlərin onları tətbiq etmələri üçün iqtisadiyyatı dəyişə bilər.
Nüvə birləşmə reaksiyalarından əldə olunan istilik enerjisi əsl yaşıl texnologiyadır. Bu enerji formatı enerji mənbələrini istədiyimiz zaman açıb-söndürə bilməyimizə imkan verəcək, istifadə olunmuş yanacaq və nüvə parçalanmasının yayılması ilə bağlı narahatlıqları aradan qaldıracaq.
Dünya miqyasında bərpaolunan enerjiyə keçid iqlim dəyişikliyi böhranını yüngülləşdirə, bu prosesə yeni innovasiyalar və ticarət formaları gətirə bilər. Bu, istirahətə və digər məşğuliyyətlərə vaxt ayırmağımız üçün insanlara şərait yarada bilər.