BESLANDA FACİƏLİ HADİSƏLƏRLƏ ƏLAQƏDAR RUSİYA XİN-İN BƏYANATI
Bəyanatda qeyd edilir ki, bütün dünya, demək olar, üç gün ərzində Rusiyanın cənubundakı kiçik bir şəhərdə baş verən faciəli hadisələri gərgin diqqət və təşvişlə izləmişdir. Sənəddə deyilir: “Çətin anda bizimlə həmrəy və bizə həyan olduğunu bildirmiş dövlət və hökumət başçılarına, BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, Avropa Birliyinin, İslam Konfransı Təşkilatının və NATO-nun səsinə səs verərək, terror aktını pisləyənlərin hamısına minnətdarıq”.
Biz günahsız qadınların, uşaqların və hətta tamamilə müdafiəsiz körpələrin quldurların qurbanına çevrildikləri amansız faciənin, “terror azğınlığının” yeni, görünməmiş formasının şahidi olduq. İtkilər ağır və əvəzsizdir. Quldurlar girovları gülləbaran edir, ucdantutma hamını rəhmsizcəsinə partladırdılar.
Bu dəhşətli cinayətdən ibrət dərsi almaq gərəkdir. O, bir daha sübut edir ki, terrorçular yırtıcıdırlar, onlar üçün müqəddəs heç nə yoxdur. Onlar öz cinayətkar məqsədlərinə çatmaq naminə sivilizasiyanın özünün dayaqlarına meydan oxuyurlar. Terrorizm mənəviyyatla, insanlıq prinsipləri ilə əsla bir araya sığmır.
Terrorizmə ancaq bütün dövlətlərin səylərini birləşdirməklə son qoymaq olar. Həqiqət anı gəlib çatmışdır. “İkili standartlar” yolverilməzdir. Terrorçuları “yaxşı-yamana” bölmək vicdansızlıqdır. Nə terror aktlarının icraçıları, nə də onların bilavasitə və dolayısı ilə ruhlandırıcıları və sponsorları məsuliyyətdən yaxalarını qurtarmamalıdırlar. Rusiya beynəlxalq terrorizmlə bundan sonra da qətiyyətlə və barışmaz mübarizə aparacaq, insan hüquqları və azadlıqlarının, yaşamaq haqqının müdafiəsini özünün ali məramı bilənlərin ön sıralarında gedəcəkdir. Bu günlərdə ölkəmizə göstərilən beynəlxalq həmrəylik terrorizmlə qətiyyətli və barışmaz mübarizədə bütün dünya birliyinin güclü birləşdirici qüvvəsi olmalıdır”.