Beyləqanda Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü qeyd olunmuşdur
Beyləqan, 18 noyabr (AZƏRTAC). Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
YAP Beyləqan rayon təşkilatının sədri Rəfael Pəsiyev, rayon icra hakimiyyətinin başçısı, partiyanın Siyasi Şurasının üzvü Vaqif Abdullayev və başqaları tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş partiyanın keçdiyi şərəfli yoldan, ötən 21 il ərzində qazanılmış uğurlardan, dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, respublikamızın ictimai-siyasi həyatında və tərəqqisində xidmətindən danışmışlar.
Bildirilmişdir ki, YAP Azərbaycan tarixinin kəşməkəşli günlərində xalqımızın ağır sınaqlara məruz qaldığı bir dövrdə - 1992-ci il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə yaradılmışdır. Dünənin, bu günün və gələcəyin partiyası olan YAP ötən 21 ildə çətin və şərəfli yol keçmiş, Azərbaycanı bir çox bəlalardan xilas etmiş, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsində mühüm rol oynamışdır.
Tədbirdə YAP Beyləqan rayon təşkilatının fəaliyyətindən, rayonun ictimai-siyasi, sosial-mədəni həyatındakı fəal rolundan da ətraflı bəhs olunmuşdur. Qeyd olunmuşdur ki, 58 ərazi ilk partiya təşkilatını özündə birləşdirən rayon təşkilatının hazırda 4500 nəfərdən artıq üzvü vardır.
Tədbirdə rayon təşkilatının fəaliyyətində fərqlənənlərə fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunan üzvlərə üzvlük vəsiqələri təqdim edilmişdir.