Beyləqanda yerli sakinlərlə yanaşı, məcburi köçkün ailələrə də ərzaq yardımı edilir
Beyləqan, 13 aprel, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Beyləqan rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı və sosial izolyasiya tədbirləri davam etdirilir. Xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, eləcə də aztəminatlı ailələrə rayon icra hakimiyyətinin təşəbbüsü ilə yardımların göstərilməsi davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin əməkdaşları yaşı 65-dən yuxarı olan, həmçinin aztəminatlı və imtiyazlı 250 ailə ilə yanaşı, ərazidə məskunlaşan məcburi köçkün ailələrə də baş çəkərək, onlara ərzaq yardımı ediblər. Eləcə də vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan olunan xüsusi karantin rejiminə əməl edilməsinin zəruriliyi barədə məlumat verilib, onların belə bir şəraitdə evlərindən çölə çıxmamaları tövsiyə edilib.
Bu nəcib təşəbbüsü razılıqla qarşılayan insanlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Beyləqan rayonunda mütəmadi olaraq vətəndaşlarla yerlərdə maarifləndirici söhbətlər aparılır, xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin onların özlərinin və yaxınlarının sağlamlığı üçün vacibliyi diqqətə çatdırılır.