CƏMİYYƏT
BEYNƏLXALQ BAKI KONFRANSININ İŞTİRAKÇILARI İLƏ GÖRÜŞ
Bakıda keçiriləcək “Azərbaycanın təbii və mədəni irsinin mühafizəsi - milli park proqramı” mövzusunda beynəlxalq konfransın iştirakçıları respublikamıza səfər ərəfəsində Azərbaycanın Almaniyadakı səfiri ilə görüş keçirmişlər.
Beynəlxalq konfransın iştirakçılarını - Almaniya bundestaqının üzvü cənab Rükü, federal ətraf mühit və təbiətin mühafizəsi nazirinin müavini, dövlət katibi xanım Gila Altmanı “Azərbaycanda milli park proqramına beynəlxalq dəstək fondu”nun təşəbbüsçüsü professor Mixael Züqqov və başqalarını səmimiyyətlə qarşılayan səfir Hüseynağa Sadıqov görüşdə Azərbaycan dövlətçiliyinin tarixindən, ölkəmizin füsünkar təbiətindən, zəngin yeraltı və yerüstü sərvətlərindən söhbət açdı.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiası, torpaqlarımızın 20 faizinin işğalı nəticəsində ölkəmizin 7 ən gözəl təbiətli bölgəsində xalqımıza məxsus hər şeyin ermənilər tərəfindən məhv edildiyini vurğulayan Azərbaycan diplomatı yerindən-yurdundan didərgin salınmış bir milyondan artıq soydaşımızın ağır şəraitdə yaşadığını, doğma yurdlarının təbiətinə artıq neçə illərdir həsrət qaldıqlarını bildirdi.
Səfir Azərbaycana işgüzar səfər edən qonaqlara ölkədə aparılan demokratik islahatlar, iqtisadiyyatın inkişaf sahələri, neft müqavilələrinin həyata keçirilməsi, Almaniya ilə dövlətlərarası münasibətlər barədə məlumat verdi.
Ətraflı məlumata görə təşəkkür edən qonaqlar Bakı konfransından qayıdandan sonra səfərlərinin nəticələrini yekunlaşdırmaq üçün yenidən görüşmək arzusunda olduqlarını bildirdilər.
Görüş iştirakçılarına “Azərbaycan Prezidenti Heydər Əliyevin siyasi portreti” və Nazim İbrahimovun Azərbaycan almanlarının həyatından bəhs edən “Qürbətdə vətən” kitabları hədiyyə edildi.
Yusif Xəlilov
AZƏRTAC -ın xüsusi müxbiri
Berlin