CƏMİYYƏT
BEYNƏLXALQ EKOLOJİ LAYİHƏNİN NƏTİCƏLƏRİ AÇIQLANMIŞDIR
Xəzər ekoloji proqramının himayə etdiyi “Ekotoks” qrupunda birləşmiş sahilyanı ölkələrin alimləri, habelə beynəlxalq ekspertlər dənizin suyunun ekotoksikoloji analizinin keçirilməsinə və Xəzər suitilərinin son illər müşahidə olunan kütləvi məhvi, kilkə, çomçə, xulbalıq kimi ov balıqlarının xəstələnməsi səbəblərinin aşkara çıxarılmasına dair layihənin gerçəkləşdirilməsinin birinci fazasını başa çatdırmışlar.
Layihənin rəhbəri, amerikalı okeanoloq Devid Obri jurnalistlərə bildirmişdir ki, layihəni Dünya Bankı və Yaponiyanan İrimiqyaslı Tədqiqatlar Fondu maliyyələşdirir. Türkmənistandan savayı, bütün Xəzəryanı ölkələrin akvatoriyasında üç il ərzində aparılmış tədqiqatlar göstərmişdir ki, bu region üçün nadir məməli növü olan Xəzər suitilərinin tələfinə səbəb it taunu deyilən infeksiya, habelə dəniz suyunda tapılmış zəhərli kimyəvi maddələr və ağır metallardır. Bu komponentlər suitilərin immun sistemini zəiflədir və orqanizmin müxtəlif infeksiyalara həssaslığını artırır. Layihədə iştirak edən doktor xanım Syu Vilsonun dediyinə görə, bu heyvanların sayı barədə alimlərdə dəqiq məlumatın olmaması vəziyyəti daha da mürəkkəbləşdirir. Xəzərdə suitilərin ən çox tələf olması 2000-ci ildə qeydə alınmışdır. Həmin il 30 min tələf olmuş suiti aşkar edilmişdi ki, onların da 6 mini Azərbaycan sahillərində tapılmışdı.
Alimlər hesab edirlər ki, adı çəkilən balıqların xəstələnməsinin əsas səbəbi tərkibində neft məhsulları olan dib çoküntüləridir.
“Ekotoks” qrupunun alimləri bu istiqamətdə işləri davam etdirmək niyyətindədirlər. Xəzər suitilərinin sayını müəyyənləşdirmək üçün Rusiya-Qazaxıstan birgə layihəsini həyata keçirmək nəzərdə tutulmuşdur.