Beynəlxalq elmi-tədqiqat institutları DİM-in qiymətləndirmə sahəsində fəaliyyətini müsbət dəyərləndirir
Bakı, 10 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin qiymətləndirmə sahəsində fəaliyyəti beynəlxalq elmi-tədqiqat institutları tərəfindən müsbət dəyərləndirilib. Belə ki, 2020-ci ildə Rusiyanın Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universiteti tərəfindən “Postsovet ölkələrində ali təhsil müəssisələrinə qəbul: İmtahanlar dövlət məsələlərinin həlli aləti kimi” kollektiv monoqrafiya nəşr olunub. Müəlliflər kollektivi tərəfindən hazırlanmış monoqrafiyada 6 postsovet (Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan) ölkəsində dövlətin vəzifələri prizmasından çıxış edərək ali təhsil müəssisələrinə qəbul imtahanları barədə məlumat verilib. Həmçinin hər bir ölkənin təcrübəsinə əsasən milli qiymətləndirmə sistemləri müzakirə edilib. Burada DİM-in fəaliyyəti barədə ayrıca məqalə də əksini tapıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin DİM-in yaradılmasının 5-ci ildönümünə həsr olunmuş məqaləsində yer alıb.
Məqalədə qeyd olunub ki, beynəlxalq imtahan, qiymətləndirmə, qərarvermə təcrübəsinin öyrənilməsi və paylaşılması baxımından ən uğurlu hadisə heç şübhəsiz 2019-cu il sentyabrın 22-dən 27-dək Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın Bakıda keçirilən 45-ci illik konfransı olub. 43 ölkədən 271 yerli, 259 əcnəbi mütəxəssisin qatıldığı konfransa 116 elmi məqalə təqdim olunub.