Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi region gənclərinin sahibkarlıq fəaliyyətinə dəstək göstərir
Bakı, 6 aprel, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dayanıqlılıq Naminə İctimai Fəaliyyət” (PAR) layihəsi çərçivəsində seçilmiş mikro-biznes təşəbbüslərinin dəstəklənməsi işlərini davam etdirir.
BMqT-nin Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, PAR layihəsinin əsas hədəflərindən biri də bölgələrdə həssas qrupların maliyyə mənbələrinə çıxışına və onların əmək bazarında iştirakına dəstək olmaqdır. Bununla əlaqədar olaraq, 2021-ci ilin martında Zaqatala, Balakən, Quba, Qusar, Lənkəran və Gəncədən olan səkkiz gənc benefisiara öz bizneslərini qurmağa imkan verəcək dərzilik avadanlıqları və ləvazimatlar verilib. Qadın və gəncləri hədəf alan həssas icmalar üçün məşğulluq fəaliyyətləri onları iqtisadi cəhətdən gücləndirərək, dayanıqlılığını və sosial ahəngini artıracaq.
Ümumilikdə, layihə çərçivəsində həssas qruplara daxil şəxslər üçün kiçik biznesin inkişafı təlimləri təşkil edilir. Təlimlərdə iştirak etmiş icma üzvləri tərəfindən təqdim olunmuş və ekspertlər tərəfindən qiymətləndirmədən sonra seçilmiş uğurlu kiçik biznes planlarına maliyyə dəstəyin göstərilməsi vasitəsilə hədəf qrupları arasında özünüməşğulluq imkanlarının artırılması həyata keçirilir.