Beynəlxalq Muğam Mərkəzində Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib VİDEO
Bakı, 12 fevral, Gülay Nəzərova, foto Səfiyar Məcnun, AZƏRTAC
Fevralın 12-də Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” layihəsi çərçivəsində unudulmaz xanəndə “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordeni laureatı, xanəndə, Xalq artisti Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, Özbəkistanın Mədəniyyət səfiri Sahib Paşazadə bildirib ki, Əlibaba Məmmədovun Azərbaycan musiqisinin inkişafında xidmətləri əvəzsizdir. O qeyd edib ki, sənətkarın zəngin yaradıcılığı milli muğam sənətimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
S.Paşazadə vurğulayıb ki, xanəndənin ifasında səslənən “Bayatı-Şiraz”, “Dəşti”, “Şur” və digər muğamlar, eləcə də təsniflər Azərbaycan Radiosunun “Qızıl fondu”nda qorunub saxlanılır və milli musiqi xəzinəmizin dəyərli inciləri sırasında yer alır. Bu ifalar yüksək sənətkarlıq nümunəsi kimi bu gün də öz aktuallığını qoruyur.
“Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsnifin müəllifidir. Onun bəstəkar kimi müəllifi olduğu mahnılar muğam ifaçıları tərəfindən sevilərək ifa edilir. Bu mahnılar illər keçsə də ifaçılar tərəfindən böyük sevgi ilə səsləndirilir, konsert proqramlarında mütəmadi yer alır və dinləyicilər tərəfindən rəğbətlə qarşılanır”, - deyə o qeyd edib.
Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov bildirib ki, Əlibaba Məmmədov pedaqoq kimi çoxsaylı tələbələr yetişdirib. O, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və digər təhsil ocaqlarında çalışaraq zəngin pedaqoji fəaliyyət göstərib.
“Əlibaba Məmmədovun yaratdığı “Hümayun” xalq çalğı alətləri ansamblı ayrıca bir məktəb kimi idi. Bu kollektiv muğam sənətinin inkişafında mühüm rol oynayıb. Onun müəllifi olduğu çoxsaylı mahnılar və muğam təsnifləri bu gün də milli musiqi xəzinəmizin dəyərli nümunələri kimi xatırlanır”, - deyə Nazim Kazımov deyib.
Yazıçı-dramaturq İlqar Fəhminin aparıcılığı ilə keçən gecədə digər çıxış edənlər xanəndənin həyat və yaradıcılığından danışıblar.
Bildirilib ki, Əlibaba Məmmədov Azərbaycanın görkəmli xanəndələrindən bəhrələnərək muğam sənətində öz yolunu açan ustad xanəndə kimi tanınıb. Sənətkar istedadı və zəhmətsevərliyi sayəsində xalq musiqisinin incilərini dərindən öyrənərək öz bənzərsiz səsi ilə milli musiqi xəzinəmizi zənginləşdirib.
Çıxış edənlər vurğulayıb ki, muğam ifaçılığının ustadlarından olan Əlibaba Məmmədov bir çox xarici ölkələrdə milli musiqimizin təbliğində əvəzsiz xidmətlər göstərib. Milli muğam ifaçılığı məktəbinin yüksək ənənələrini təbliğ edən görkəmli xanəndə bütün səy və bacarığını istedadlı ifaçı nəslinin yetişdirilməsinə sərf edib. Onun muğam sənətinin incəliklərini aşıladığı tələbələr müxtəlif festivalların, müsabiqələrin qalibi olub.
Gecədə Xalq artisti Eyyub Yaqubov, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artistlər Sevinc Sarıyeva, İlkin Əhmədov, xanəndələr Nisbət Sədrayeva, Malik Həsənov, Murad Laçın və klarnet ifaçısı Şəmsi Məmmədov çıxış edərək sənətkarın repertuarından muğam, təsnif və unudulmaz mahnıları ifa ediblər.
İfaçıları BMM-in solistlərindən ibarət instrumental heyət - tarda Rüstəm Müslümov, kamançada Əməkdar artist Toğrul Əsədullayev, qanunda Məryəm İslamova, balabanda Rafael Əsgərov, nağarada Siyavuş Kərimov, bəm nağarada Səyyar Teymurov müşayiət edib.