Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti – “Muğamat axşamı”
Bakı, 2 iyun, AZƏRTAC
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Beynəlxalq Muğam Mərkəzində milli musiqimizin təbliği və gənc istedadların yaradıcılıq imkanlarının nümayiş etdirilməsi məqsədilə “Muğamat axşamı” adlı konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək, muğam sənətinə marağı artırmaq və gənc ifaçıların yaradıcılıq fəaliyyətinə dəstək göstərməkdir.
Konsertdə gənc ifaçılar Murad Nəbizadə, Əhəd Ağayev, Mətləb Əhmədzadə, Yusif Sadıxov, Nuray Şahsuvarlı, Yusif Mustafayev, Cavidan Niftəliyev və Mircəlal Məmmədov muğamlar, xalq mahnıları səsləndiriblər.
Gənc xanəndələri tarda Mirhüseyn Əsədullayev, kamançada Ceyhun Muradov, balabanda Rafael Əsgərov, nağarada Emin Cəbrayılov, qanunda isə Məryəm İslamova müşayiət ediblər.