BEYNƏLXALQ NƏQLİYYAT VƏ TƏCHİZAT SƏRGİSİ
Mayın 22-də “Avropa” mehmanxanasının sərgi kompleksində 1-ci Azərbaycan beynəlxalq nəqliyyat və təchizat sərgisinin açılış mərasimi olmuşdur.
10 ölkədən 40-a yaxın şirkətin iştirak etdiyi sərgidə avtonəqliyyat, dəmir yolu, dəniz, hava nəqliyyatı, kombinə edilmiş nəqliyyat, yükdaşımaları, portlar və terminallar, yüklərin daşınması üçün avadanlıq, təchizat və sair xidmətlər təqdim olunacaqdır.
Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev mərasimi açaraq dedi ki, Böyük İpək yolu üstündə yerləşən Azərbaycan Avropa və Asiya arasında tranzit regiondur. Təkcə keçən il Azərbaycan dəmir yolu ilə 11 milyon ton neft və neft məhsulları göndərilmişdir. O cümlədən TRASEKA çərçivəsində 6,8 milyon ton tranzit yükü daşınmışdır.
Azərbaycanda nəqliyyat sahəsinin inkişafinda, ölkəmizin bazarına yeni nəqliyyat şirkətlərinin cəlb edilməsində, ekspeditorlar və yükdaşıyanlar arasında əlaqələrin yaradılmasına və tənzimlənməsinə kömək göstərilməsində, müasir texniki informasiyalalrın əldə olunmasında sərginin böyük əhəmiyyət daşıdığını vurğulayan S.Tatlıyev onun iştirakçılarına uğurlar arzuladı.
TRASEKA proqramının Azərbaycan üzrə əlaqələndiricisi Mark Qrayl, sərginin baş direktoru Fərid Məmmədov, “Azəravtonəqliyyat” Dövlət Konserninin prezidenti Hüseyn Hüseynov və başqaları mərasimdə çıxış etdilər.
Sərgi mayın 24-dək davam edəcək, bu müddətdə həm də seminarlar və şirkətlərin təqdimatı keçiriləcəkdir.