Beynəlxalq Qadınlar Gününə həsr olunan “3x3 qızlar turniri”nin qalibləri müəyyənləşib
Bakı, 8 mart, AZƏRTAC
Avropa İttifaqının maliyyə dəstəyi, UNICEF və AFFA-nın təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan “3x3 qızlar turniri” keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Texniki Universitetinin(ATU) idman zalında təşkil olunan turnirdə 3 yaş qrupu üzrə 30 komanda mübarizə aparıb və ümumilikdə 120 qız futbolçu iştirak edib.
Qadınlardan ibarət Azərbaycan milli komandasının üzvləri Manə Mollayeva, Firəngiz Teymurova və Günay İsmayılovanın qonaq qismində iştirak etdiyi turnirdə komandalara AFFA və UNICEF tərəfindən idman geyimi, inventar və hədiyyələr təqdim edilib. Həmçinin hər üç yaş qrupu üzrə ilk üç yeri tutan komandalara diplom və medallar, qalib komandaya isə kubok verilib.
2005-2007-ci il təvəllüdlü yaş qrupu üzrə turnirin qalibi “Neftçi-1” olub. İkinci və üçüncü yeri isə müvafiq olaraq “Filiz” və “Gənclər FM-2” komandaları tutub. “Bakinka-1” komandası 2008-2009-cu il təvəllüdlü yaş qrupunun qalibi olub. “Baku Sporting - 1” ikinci, “Əhmədli Yunayted -1” isə üçüncü yeri tutublar. 2010-2011-ci il təvəllüdlülərin yarışında isə “Əhmədli Yunayted-3” komandası qalib adını qazanıb. “Xəzər - 2”, “Xırdalan City - 3” sonrakı pillələrdə qərarlaşıblar.
“3x3 qızlar turniri”ndə ən yaxşı qolun müəllifi 2005-2007-ci il təvəllüdlü yaş qrupu üzrə Ayşən Salamzadə ("Neftçi-2"), 2008-2009-cu il təvəllüdlü yaş qrupu üzrə Aysu Əsədova ("Bakinka-1"), 2010-2011-ci il təvəllüdlü yaş qrupu üzrə isə Xədicə Rəhimova ("Əhmədli Yunayted-3") olub.
“Bakinka-1” komandasının 2009-cu il təvəllüdlü üzvü Aylin Kərimova 9 qolla turnirin bombardiri olub.