BEYNƏLXALQ TİBB SİMPOZİUMU ÖZ İŞİNƏ BAŞLADI
Mayın 20-də “Həyat-Recensi Naxçıvan” mehmanxanasında “Yeni minilliyin radiologiyası” mövzusunda beynəlxalq tibb simpoziumu öz işinə başlamışdır. Səhiyyə Nazirliyi, Avropa Radioloqlar Assosiasiyası və Ə.Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən təşkil olunmuş simpoziumun işində Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna, Avstriya, İrlandiya alimləri iştirak edirlər.
Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru akademik Mirməmməd Cavadzadə simpoziumu açaraq bildirdi ki, bu, radioloqların müstəqil Azərbaycanda keçirilən ilk beynəlxalq simpoziumudur. M.Cavadzadə simpoziumun təşkilinə kömək etdiyi üçün baş sponsora - “Simens” şirkətinə təşəkkür etdi. Akademik xatırlatdı ki, diaqnostikanın əsas elementlərindən biri olan radiologiya Azərbaycanda çox inkişaf etmişdir. Hazırda ölkədə 360 həkim-rentgenoloq və 40 radioloq, 6 elmlər doktoru və 17 elmlər namizədi vardır. 1936-cı ildə Həkimləri Təkmilləşdirmə İnstitutunun bazasında radioloqlar hazırlayan dosent kursları təşkil edilmiş, 1950-ci ildə isə bu kurslar kafedraya çevrilmişdir. Azərbaycan həkimləri öz işlərində radiologiya sahəsində qabaqcıl texnoloyaların çoxundan, o cümlədən kompüter tomoqrafiyasından və nüvə rezonans diaqnostikasından istifadə edirlər. İndiki simpoziumun əsas məqsədi müasir radiologiyanın inkişaf perspektivlərinə və onun əldə etdiyi nailiyyətlərə dair fikir mübadiləsi aparmaqdır.
Sonra avstriyalı professor Rene Riyenmüllerin “Yeni minilliyin kardial vizualizasiyası” mövzusunda məruzəsi dinlənildi. Məruzəçi simpozium iştirakçılarını öz həkimlik praktikasında istifadə etdiyi yeni texnologiyalarla tanış etdi.
Mayın 21-də öz işini başa çatdıracaq simpoziumda kardiologiya, onkologiya, endokrinologiya və ftiziatriyada radiologiya metodlarının tətbiq edilməsinin müxtəlif cəhətlərinə həsr olunmuş məruzələr dinləniləcəkdir.