BİLƏCƏRİDƏ ƏLİL VƏ ŞƏHİD AİLƏLƏRİNƏ YENİ MƏNZİLLƏRİN AÇARLARI TƏQDİM OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, iyunun 25-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Binəqədi rayonunun Biləcəri qəsəbəsində 4 mərtəbəli, 36 mənzilli yaşayış binası əlillərin və şəhid ailələrinin istifadəsinə verilmişdir. Mənzillərin order və açarlarının təqdim edilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov yeni mənzil alan Qarabağ müharibəsi əlillərini və şəhid ailələrinin üzvlərini təbrik edərək bildirmişdir ki, ölkə başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatımız gündən-günə yüksəlir, insanların həyat tərzi, sosial-məişət şəraiti yaxşılaşır.
F.Ələkbərov vurğulamışdır ki, yaxın aylarda respublikamızın müxtəlif rayonlarında 19 bina əlil və şəhid ailələrinə təhvil veriləcəkdir. Bu binaların 6-sı 36 mənzilli, qalanı 16 mənzillidir. Rayonlarda əlil və şəhid ailələri üçün həyətyanı torpaq sahəsi olan fərdi evlər də tikilir.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev dövlətimizin əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən danışmışdır. Bildirmişdir ki, son vaxtlar rayonda əlillərin problemlərinin həlli, bu qəbildən adamlara diqqət və qayğının artırılması, onların mənzillə təmin edilməsi istiqamətində konkret işlər görülür.
Mənzillərin açarları və orderləri sahiblərinə paylandıqdan sonra nazir Füzuli Ələkbərov yeni bina ilə tanış olmuşdur.
Əlil və şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
