AZƏRTAC xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının fevralın 20-də keçirilmiş iclasında “Azərbaycan Respublikası Prezidenti və Latviya Respublikası Prezidenti arasında Birgə Bəyannamənin təsdiq edilməsi haqqında”, Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması, sərmayələrin təşviqi və qarşılıqlı qorunması, gömrük məsələləri üzrə qarşlıqlı yardım haqqında saziş layihələri, eləcə də “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və həmin konvensiyanın protokolunun təsdiq edilməsi barədə” qanun layihəsi və digər məsələlər müzakirə olunmuşdur.
Komissiyanın sədri Səməd Seyidov bildirmişdir ki, Azərbaycan və Latviya prezidentləri arasında 2005-ci il oktyabrın 3-də Bakıda imzalanmış Birgə Bəyannamə ölkələrimiz arasında əlaqələrin bütün aspektlərini əhatə edir və Azərbaycanın milli maraqlarına xidmət edir. Azərbaycan və Latviya hökumətləri arasında imzalanmış sazişlər iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsini və inkişafını təmin edəcəkdir.
Sonra digər məsələlərə baxılmış və layihələrin təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.