Birləşmiş Ərəb Əmirliklərində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir
Əmman, 24 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anma mərasimi təşkil etmişdir.
Türkiyə Respublikasının BƏƏ-dəki səfiri Vural Altay və səfirliyin bütün diplomatik heyətinin, eləcə də “Azərbaycanı kəşf et” jurnalının redaktoru Məhəmməd Aqilin və Azərbaycan icması üzvlərinin iştirakı ilə keçirilmiş tədbir Xocalı şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Sonra çıxış edən səfir Elxan Qəhrəmanov anma mərasiminə qatıldıqlarına görə qonaqlara təşəkkürünü ifadə etmiş, Xocalı soyqırımı barədə ətraflı məlumat vermişdir.
Səfir Xocalı soyqırımına siyasi-hüquqi qiymətin ilk dəfə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini, bu qətliamın hər il ölkə daxilində və xaricində qeyd edildiyini, habelə soyqırımın 20-ci ildönümü ilə əlaqədar Prezident İlham Əliyevin ümumxalq yürüşündə iştirak etdiyini mərasim iştirakçılarının diqqətinə çatdırmışdır.
E.Qəhrəmanov, həmçinin Xocalı soyqırımı haqqında həqiqətlərin dünya miqyasında yayılması məqsədilə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük işlər gördüyünü, Fondun vitse-prezidenti, İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının əhəmiyyətini xüsusi qeyd etmişdir.
Səfir E.Qəhrəmanov Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina və Peru parlamentlərinin, eləcə də ABŞ-ın 14 ştatının Xocalı soyqırımını rəsmən tanıdığını əsas tutaraq, bu ölkə və ştatların coğrafiyasının gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirmişdir.
Türkiyənin səfiri V.Altay Azərbaycan xalqına, xüsusən də şəhid ailələrinə başsağlığı verərək, Xocalı qətliamının bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğulamış, qeyri-insani əməllərlə müşayiət edilən bu cür kütləvi qırğınların yalnız ürəkləri nifrət və ədavətlə dolu cinayətkarlar tərəfindən törədilə biləcəyini xüsusi qeyd etmişdir.
V.Altay ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq, hər zaman qardaş Azərbaycanın yanında olacaqlarını vurğulamış, işğalçı Ermənistanla sərhədlərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini tapmayana qədər açılmayacağı barədə Türkiyə rəhbərliyinin bəyanatlarını yada salmışdır.
Çıxışlardan sonra tədbir iştirakçıları “Böyük yalanın həqiqəti” adlı sənədli filmə baxmışlar.
Tədbirdə, həmçinin fotosərgi və soyqırımı haqqında kitab-jurnal guşəsi təşkil edilmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman