Birol Akgün: Azərbaycan 15 iyulda qardaşlığını və həmrəyliyini bir daha nümayiş etdirdi
Bakı, 15 iyul, AZƏRTAC
2016-cı il iyulun 15-də FETÖ terror təşkilatının Türkiyədə törətməyə cəhd etdiyi dövlət çevrilişi ölkənin müstəqilliyinə, suverenliyinə, demokratiyasına və xalqın azad iradəsinə qarşı yönəlmiş xain bir hücum idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında 15 İyul – Demokratiya və Milli Birlik Gününün 10-cu ildönümü münasibətilə keçirilən anım tədbirində Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün bildirib.
B. Akgün qeyd edib ki, Türkiyə xalqı həmin gecə qanuni hakimiyyətə və demokratiyaya sahib çıxaraq çevriliş cəhdinin qarşısını qətiyyətlə alıb: “Millətimiz ən ağır şəraitdə böyük fədakarlıq göstərərək bu çevriliş cəhdinə qarşı ayağa qalxdı. Lazım gəldikdə tankların qarşısına çıxaraq öz dövlətini və demokratiyasını qorudu. Həmin gecə 251 vətəndaşımız şəhid oldu, 2 minə yaxın soydaşımız yaralandı. Türk xalqı öz azadlıq və müstəqillik ruhunu bütün dünyaya bir daha nümayiş etdirdi”.
O, 15 iyul hadisələri zamanı Azərbaycanın nümayiş etdirdiyi dəstəyin Türkiyədə böyük minnətdarlıqla qarşılandığını vurğulayıb: “Prezident İlham Əliyevin və Azərbaycan xalqının Türkiyəyə göstərdiyi qətiyyətli dəstək bizim üçün çox qiymətlidir. “Bir millət, iki dövlət” fəlsəfəsi 15 iyul gecəsində bir daha öz təsdiqini tapdı. Bu sarsılmaz qardaşlıq sonrakı dövrdə, xüsusilə də Qarabağın azadlığı uğrunda gedən Vətən müharibəsində özünü daha qabarıq göstərdi”.
Birol Akgün FETÖ kimi terror şəbəkələrinin fəaliyyətinə qarşı hər zaman ayıq-sayıq olmağın vacibliyini diqqətə çatdırıb: “Bu cür cinayətkar və casus şəbəkələri öz çirkin fəaliyyətlərindən asanlıqla əl çəkmirlər. Ona görə də onlara qarşı mübarizədə ölkələrimizin sıx əməkdaşlığı və diqqətli olması böyük əhəmiyyət kəsb edir. Azərbaycanın bu istiqamətdə nümayiş etdirdiyi həmrəyliyə görə bir daha təşəkkürümüzü bildiririk”.
Müxbir - Şəlalə Camal