Bişkekdə MDB ölkələrinin Səhiyyə Sahəsində Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib
Bakı, 15 noyabr, AZƏRTAC
Noyabrın 15-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Səhiyyə Sahəsində Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib. İclasda MDB-yə üzv ölkələrin nazirləri və dövlət baş sanitar həkimləri iştirak ediblər.
AZƏRTAC MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclas iştirakçıları 2023-cü il üzrə işlərin yekununu müzakirə ediblər, səhiyyə sahəsində aktual məsələlər və MDB formatında əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar və Şuraya 2024-cü ildə sədrliklə bağlı qərar qəbul ediblər.
İclasda, həmçinin səhiyyə sahəsində kadr təminatı məsələləri müzakirə olunub, klinik tövsiyələrin işlənib-hazırlanmasına yanaşmalar, pasiyentlərin dərman preparatları, şəkərli diabetin diaqnostikası və monitorinqi vasitələri ilə təmin edilməsi, vərəm və onkoloji xəstəliklərlə mübarizə üzrə nailiyyətlər nəzərdən keçirilib, elektron səhiyyənin inkişaf perspektivləri müzakirə olunub, MDB ölkələrində epidemik vəziyyət təhlil edilib.
Şura üzvləri transfuziologiya və ərazilərin sanitar mühafizəsi sahəsində bir sıra sənədlər qəbul ediblər, baza təşkilatlarının, komissiyaların və işçi qruplarının fəaliyyətinin yekunlarını müzakirə ediblər.
Görüşdə Şuranın Müstəqil Dövlətlər Birliyinin ali orqanlarının qərar və təşəbbüslərinin icra edilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Həmçinin MDB dövlətlərinin baza təşkilatlarının yaradılması və birgə tədbirlərin keçirilməsi təşəbbüsləri gündəliyə daxil edilib.