Bişkekdə Xocalı faciəsinin 21-ci ildönünü ilə əlaqədar mərasim keçirilmişdir
Bişkek, 25 fevral (AZƏRTAC). Azərbaycanın Qırğızıstandakı səfirliyində Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Tədbirdə paytaxtdakı diasporumuzun üzvləri, qardaş qırğız xalqının nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Mərasim iştirakçıları əvvəl Xocalı faciəsini əks etdirən fotomateriallarla tanış olmuş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, faciə ilə əlaqədar kitablardan ibarət sərgiyə baxmışlar.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Xocalı faciəsi haqqında ətraflı məlumat vermiş, bu soyqırımını 20-ci əsrin qanlı faciələrindən olan Xatın, Babi-Yar kimi faciələrlə müqayisə etmişdir. Səfir azğınlaşmış erməni quldurları və onların havadarları olan keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının əsgərləri ilə birgə Xocalıda törədilmiş vandalizm aktlarından danışmışdır.
H.Orucov demişdir ki, Xocalı faciəsinin dünyada tanınması istiqamətində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Səfir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünya ölkələrində keçirilən “Xocalıya ədalət” kampaniyası haqqında ətraflı məlumat vermiş, Xocalı soyqırımının dünya ölkələri tərəfindən tanınmasında bu kampaniyanın mühüm rol oynadığını vurğulamışdır. Diplomat soyqırımının Qırğızıstanda tanıdılması istiqamətində səfirlik tərəfindən işlərin aparıldığını vurğulamışdır. O demişdir ki, bu soyqırımı yalnız azərbaycanlılara deyil, bütün türk dünyası və insanlığa qarşı törədilmiş bir cinayətdir.
Səfir əmin olduğunu bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəkdir.
Mərasimdə Bişkekdə yaşayan soydaşlarımız Nüsrət Məmmədov, Səid Fərəcov, Süleyman Rzayev, Hacı İlqar, Səməd Səmədov və başqaları çıxış etmiş, ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını bildirmiş, Xocalı faciəsinin dünyada törədilmiş qanlı cinayətlərdən biri olduğu vurğulanmışdır.
Sonra Xocalı faciəsi ilə əlaqədar sənədli film nümayiş etdirilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek