Bişkekdə Xocalı soyqırımının 20 illiyi ilə bağlı konfrans keçirilmişdir
Bişkek, 24 fevral (AZƏRTAC). Azərbaycanın Respublikasının Qırğız Respublikasındakı səfirliyi Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar Bişkekdəki Atatürk Alatoo Universitetində konfrans keçirmişdir.
Tədbirdə səfir Arif Ağayev Xocalı soyqırımı haqqında məlumat vermiş, bunu XX əsrin ən qanlı faciələrindən biri olduğunu diqqətə çatdırmışdır. Səfir həmin gecə erməni faşistləri və onların havadarları olan keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən törədilmiş vəhşiliklərdən danışaraq qeyd etmişdir ki, bu cinayət Xatın və Sonqmi faciələri ilə müqayisə oluna bilər və bu, azərbaycanlılara qarşı əsl soyqırımıdır.
A.Ağayev “Xocalıya ədalət” kampaniyası haqqında da ətraflı məlumat vermiş, artıq Meksika və Pakistan parlamentləri tərəfindən Xocalı soyqırımının tanındığını bildirmişdir. Hazırda Türkiyə parlamentində bu istiqamətdə müzakirələr aparılır.
Bişkekdə çap edilən “Türkel” qəzetinin baş redaktoru Ramiz Məşədihəsənli ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlərdən danışmış, bu və digər cinayətlərin dünya ictimaiyyətinə çatdırılması, soyqırımının daha çox ölkələr tərəfindən tanınması üçün səylərin əlaqələndirilməsinə çağırmışdır.
Sonra Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş sənədli film nümayiş etdirilmiş, səfirlik tərəfindən Atatürk Alatoo Universitetinin kitabxanasına Xocalı soyqırımı və Azərbaycana aid kitablar təqdim olunmuşdur.
Səfirliyimiz tərəfindən Xocalı soyqırımı ilə bağlı hazırlanmış məlumatlar toplusu Qırğızıstanın Prezident Aparatına, Parlament rəhbərliyinə və deputatlara, Xarici İşlər Nazirliyinə, səfirlik və nümayəndəliklərə, KİV-lərə təqdim olunmuşdur.
Səfir A.Ağayev Türkiyənin TRT Türk telekanalının Orta Asiya üzrə xüsusi müxbiri Uğur Ozene Xocalı soyqırımının 20-ci illiyi ilə əlaqədar müsahibə vermiş, jurnalistə Xocalıya həsr edilmiş kitablar, broşürlər və sənədli filmin diskini təqdim etmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek