“Bizdən soruşurlar” layihəsi çərçivəsində suallar cavablandırılır
Bakı, 28 dekabr, AZƏRTAC
Təhsil Nazirliyinin “Bizdən soruşurlar” layihəsi çərçivəsində daha çox müraciət olunan mövzularla bağlı sualların cavablandırılması prosesi davam etdirilir.
Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib. “SABAH” qruplarında 2020-2021-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə elan edilmiş işə qəbul müsabiqəsi üçün son müraciətin tarixi ilə bağlı suala aydınlıq gətirilib. Bildirilib ki, sözügedən işə qəbul müsabiqəsi üçün 2021-ci il yanvarın 6-dək müraciət etmək olar.
Xatırladaq ki, Təhsil Nazirliyinin “SABAH” qruplarında 2020-2021-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqə elan edilib. Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda, müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.